Cəmiyyət

I Bakı regional konfransı işə başlayıb

17-02-2011 | 16:25        

  

 

Bakıda “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı   mübarizə” sahəsində 1-ci Bakı Regional Konfransı işə başlayıb. Konfrans Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, ATƏT-in Bakı ofisi və İsveçrənin İqtisadi məsələlər üzrə Dövlət Katibliyinin  təşkilatçılığı ilə keçirilir. I Bakı Konfransını giriş sözü ilə açan Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin direktoru Adışirin Qasımov Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın müddəaları barədə məlumat verdi. Onun sözlərinə görə, strategiyanın hədəflərindən biri də ölkədə beynəlxalq standartlara uyğun  pulların leqallaşmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin formalaşdırılmasıdır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Mərkəzi Bankın sədr müavini Vadim Xubanov, Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının katibi İnam Kərimov bu sahədə ölkədə mükəmməl qanunvericilik bazasının mövcud olduğunu dedilər. ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Qafqaz üzrə regional missiyasının rəhbəri Conatan Konli, İsveçrənin Azərbaycandakı səfiri Sabine Ulmann, Avropa Şurasının MONEYVAL Komitəsinin icraçı katibi Con Ringgut kofransın təşkilini yüksək qiymətlənirdilər.

Sonra Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin direktor müavini Anar Salmanovun bu mövzuda təqdimatı oldu. Regional konfransda pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə yeni çağırışlar, mövcud tendensiyalar və müxtəlif ölkə təcrübələrinə dair müzakirələr aparıldı. 20 ölkənin maliyyə monitorinqi orqanları rəhbərlərinin təmsil olunduğu konfransda ümumilikdə 40-a yaxın xarici qonaq iştirak edir. Tədbir iki gün davam edəcək və 16 mövzu üzrə müzakirələr aparılacaq.