İqtisadiyyat

Orta aylıq pensiyanın məbləği 114 manata çatdırılacaq

16-02-2011 | 20:35        

  

Prezident İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında”  15 fevral tarixli sərəncamı ilə 617 min  347 nəfərin əmək pensiyasının sığorta hissəsinə indeksləşdirilmə tətbiq olunacaq. Bununla da orta aylıq pensiyanın məbləği 114 manata çatacaq. Beləliklə  kimin əmək pensiyasının sığorta hissəsi daha yüksəkdirsə, onun pensiyasının artımı daha yuxarı olacaq. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyir ki,  ötən il istehlak qiymətlərinin 5,7 faizlik indeksi qeydə alınıb. Bu göstəricinin əmək pensiyalarına təsirini aradan qaldırmaq məqsədilə prezident İlham Əliyev “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncam verib. Sərəncama əsasən, 2010-cu il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2011-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək. Eləcədə sığorta olunanlar üzrə ödənilən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq.

  Artıq yanvar və fevral ayının pensiyasını alan paytaxt  təqaüdçüləri martda həmin ayların əlavə artımını ala biləcək. Qalan rayonların  təqaüdlərinin maliyyələşdirilməsinə  isə  sabahdan başlanılacaq. Bu halda respublikanın digər rayonlarında qeydiyyatda olan təqaüdçülər də yanvar ayına hesablanan artımı fevral ayının ödənişi ilə birgə alacaq. Ümumilikdə, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1,4 milyon manat, il ərzində isə 18 milyon manat əlavə vəsait ödəniləcək. Maliyyələşmənin həyata keçirilməsi üçün heç bir problem yoxdur və bu artımdan sonra Azərbaycanda orta aylıq pensiyanın məbləği 114 manata çatdırılacaq. Ölkə hazırda 1 milyon 292 mindən çox təqaüdçü var. Yaxın 1 ay ərzində isə təqaüdçülər pensiyalarının təqaüd kartına  yerləşdirilməsini hər ay Fonddan göndərilən SMS-lər vasitəsi ilə öyrənə biləcəklər.