Cəmiyyət

Kür Və Araz çayları boyunca bənd vurma işləri davam etdirilir

15-02-2011 | 18:20        

  

 

Ötən ilin aprel-iyun aylarında baş verən daşqınlardan sonra Kür və Araz çayları boyunca 324, Sarı su gölünün sahillərində isə 40 kilometr bənd vurulub. Vurulan bəndlərin hündürlüyü daşqınlar zamanı çaylardan keçən suyun səviyyəsindən 1 metr hündürdür. Bəndvurma işləri mütəşəkilliklə davam etdirilir. Vurulan bəndlərin oturaq eni 25-30, üst eninin isə 8 metrdir. Meliorasiya və su təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevin sözlərinə görə görülən işlər Dövlət Başçısının tapşırığına əsasən ayrı-ayrı nazirlik və komitələrin birgə fəaliyyəti hesabına həyata keçirilir. Həmən tədbirlərdən biri də Kür və Araz çayları boyu bənd bərkitmə işlərini yeni tələblər səviyyəsində həyata keçirmək və sel sularının ziyan vurduğu suvarma sistemlərinin qısa vaxtda bərpasını təmin etmək idi.Bu tapşırıqları icrasını qısa zamanda həyata keçirən Cəmiyyət 16 min kilometr suvarma sistemlərini lildən təmizləyib. 6 min 579 hidroqurğu, 1109 hidropost və 3 min 697 subartezian nasos təmir edilərək istismara verilib.

Hazırda Sabirabad şəhərinin üst tərəfində  bəndvurma işləri aparılır. Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi Elman Nuriyev bildirdi ki, bu ərazidə 3 kilometrə yaxın ərazidə bənd inşa edilir. Tikinti işləri idarənin texniki imkanları hesabına aparılır. Ümumilikdə isə Kür-Araz çaylarının və Sarı su gölünün sahillərində aparılan bəndvurma işlərinə 1500-dən artıq texnika cəlb edilib. Hazırda Meliorasiya və Su Təsərrüfatı ASC-nin əsas məqsədi daşqın ehtimalı olan bütün çayların sahillərində bəndvurma işlərini qısa zamanda başa vurmaqdır.

 Nəzərdə tutulan layihələr reallaşacağı təqdirdə ölkəmizdə çayların öz məcrasından çıxmaq təhlükəsi bir dəfəlik aradan qalxacaq. Eyni zamanda axar suların idarə olunmasındakı keyfiyyət əmsalı xeyli yüksələcək.