Xarici xəbərlər

Qar, leysan yağışları və daşqınlar bəzi ölkələrdə həyati iflic edib

15-02-2011 | 14:54        

  

 Yaponiyanın paytaxtı Tokioda güclü qar yağıb. Yolların buz bağlaması səbəbindən bir gün ərzində 43 nəfər xəsarət alaraq xəstəxanalara müraciət edib. Narita və Haneda aeroportlarında yüzlərlə aviareys təxirə salınıb. Dəmir yolunun hərəkəti də çətinləşib. Avtomobil yollarında onlarla qəza qeydə alınıb. Ölkənin mərkəzi adası sayılan Honsüdə qarın hündürlüyü 25 santimetrə çatır. Ən güclü qar isə Naqano və Yamanasi prefekturalarında qeydə alınıb. Bölgənin nəqliyyat sistemində ciddi fəsadlar yaranıb. Yaponiya hökuməti qarın ölkəyə 167 milyon dollar ziyan vurduğunu açıqlayıb. Cənubi Koreyanın şərq sahilləri də güclü qardan əziyyət çəkir. Bu bölgədə son yüz ildə yağan ən güclü qardır. Bir çox şəhərlərdə qarın hündürlüyü 110 santimetrə çatır. Qar səbəbindən bölgənin əsas avtomagistralları bağlanıb. Yüzlərlə avtomobil yollarda qalıb. Hazırda xilasedicilər sürücüləri xilas etməyə çalışırlar. Qatarların hərəkətində də çətinliklər yaranıb. Yaşayış evlərinin damı qarın ağırlığına dözməyərək çöküb. Təbii fəlakət bölgəsinə hərbçilər də cəlb olunub. Çinin paytaxtı Pekində də qar həyatı iflic edib. Şəhərdə  qarın hündürlüyü son 60 ildə rekord həddə çatıb. Yolları qardan təmizləmək üçün 3 mindən çox xüsusi texnika cəlb olunub. Paytaxtın bəzi yollarında ictimai nəqliyyatın hərəkəti tamamilə dayanıb. Pekinin beynəlxalq hava limanında əlverişsiz hava şəraiti səbəbindən onlarla aviareys təxirə salınıb, bəzi uçuşlarda ləngimə və gecikmə müşahidə olunub. Peruda isə leysan yağışları ara vermir. Güclü leysan yüzlərlə insanı evsiz qoyub. Arekipa və Kusko şəhərlərində çaylar məcrasından çıxıb. Şəhər küçələri su altında qalıb. Evlərin zirzəmiləri və alt mərtəbələri su altında qalıb. Minlərlə sakin müvəqqəti olaraq məktəb və digər böyük binalarda yerləşdirilib. Boliviyada da leysan yağışları təbii fəlakətə səbəb olub. Baş verən daşqınlarda 4 nəfərin həlak olduğu bildirilir. Daşqın suları onlarla evi tamamilə yararsız hala salıb. Çaylar məcrasından çıxıb. Meteoroloqlar qeyri sabit hava şəraitinin bir neçə gün davam edəcəyini bildiriblər.