Cəmiyyət

Təhsil Nazirliyində korrupsiyaya qarşı mübarizə məsələləri müzakirə olunub

15-02-2011 | 14:29        

  

 

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyində kollegiya iclası keçirilib. Toplantıda ali və orta təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

Təhsil Naziri Misir Mərdanov Prezident İlham Əliyevin müvafiq sərəncamının icrasını təmin etmək məqsədi ilə təhsil nazirliyi tərəfindən  müvafiq tədbirlər planı təsdiq edildiyini bildirib.  Qeyd edib ki, nazirlik tərəfindən vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli şəkildə təmin olunması, şəffaflığın daha da artırılması sahəsində tədbirlər sürətlə davam edir. Belə ki, Təhsil Nazirliyinə vətəndaşların müraciət, ərizə və şikayətləri vaxtında və mahiyyəti üzrə araşdırılır, qanunvericiliklə müəyyənləşdirilən  zəruri tədbirlər həyata keçirilir. Nazirlikdə bir neçə qaynar xətt fəaliyyət göstərir.

Müraciətlərin əksəriyyəti ümumtəhsil məktəbləri ilə bağlı olduğunu deyən nazir,  ərizə və şikayətlərin çox olmasına da toxunub. Vurğulayıb ki,  səbəb, yerlərdə vətəndaşların şikayətlərinə, onların sorğularına lazımi cavabın verilməməsidir. 2010-cu ildə nazirliyə vətəndaşlar tərəfindən  7251 nəfər müxtəlif məsələlərlə bağlı müraciət edib. Kollegiya iclasında bu  ilin ilk iki ayı ərzində təhsil müəssisələrinə müraciət və  şikayətlərlə bağlı  elektron formada statistik rəqəmlər də açıqlanıb.