Xarici xəbərlər

Ermənistan hakimiyyəti yenidən istefalarla üz-üzədir

11-01-2011 | 13:49        

  

Ermənistan hakimiyyətində istefalar dalğası davam edir. Hakim rejim ölkədəki sosial böhranı ört-basdır etmək üçün yenidən kadr dəyişikliyi etməyə hazırlaşır. Bu arada Ermənistanda hakimiyyətdaxili çəkişmələr Azərbaycanın tarixi şəhərlərindən olan İrəvanı xarabalığa çevirir. Ermənistanda vəziyyəti sabitləşdirmək üçün hakim rejim yeganə çıxış yolunu yeni təyinatlarda görür. “Aykakan Jamanak” qəzetinin yazdığına görə, Ermənistan prezidenti Serj Sarkisyan hakim dairələrdə yeni kadr dəyişiklikləri etmək fikrindədir. Gündəlikdə duran məsələlərdən biri – Kotayk vilayətinin rəhbəri Şahqeldyan Kovalenkonun vəzifədən uzaqlaşdırılmasıdır. Onun yerinə polis rəisinin müavini Saşik Afyanın keçəcəyi ehtimal olunur. Bundan başqa, polis rəisi Alik Sarkisyanın da vəzifəsindən azad ediləcəyi barədə şayiələr yayılıb. Polis rəhbəri postuna isə İrəvan polis idarəsinin rəisi Nerses Nazaryan iddialıdır. Baş prokuror Aqvan Ovsepyannın da istefası gözlənilir. Onu Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanın əvəzləyəcəyi ehtimal olunur. Baqdasaryanın yerinə isə Ermənistanın müdafiə naziri Seyran Ohanyanın keçəcəyi bildirilir. Öz növbəsində müdafiə naziri vəzifəsinə Ohanyanın müavini David Tonoyan iddia edir. Hakimiyyət daxilində müşahidə edilən hərc-mərclik ölkədə sosial böhranı ən yüksək həddə çatdırıb. Böhran səbəbindən paytaxt İrəvanda acınacaqlı vəziyyət yaranıb. İllərdən bəri heç bir təmir-bərpa işləri aparılmayan İrəvan küçələri bərbad vəziyyətdədir. Şəhərin mərkəzi bulvarı kimi tanınan Mşatoçsa və Saryan küçələri sovet illərindən bəri nəinki təmir olunmayıb, hətta bu küçələr məişət tullantıları ilə doludur. Bu həmin küçələrdir ki, erməni oliqarxları ən çox oralara diqqət yetirirlər və dövlət məmurları əsasən burada yaşayırlar. İrəvan sakinlərinin sözlərinə görə, Ermənistan hakimiyyətinin apardığı siyasət tullantılara bərabərdir və buna görə də, İrəvanın mərkəzi küçələrinin bu gündə olması qeyri-adi deyil. Hələ  qarşıda Ermənistanı daha ağır və fəlakətli günlər gözləyir. Çünki erməni hakimiyyətinin həyata keçirdiyi siyasət onların özlərinin məhvinə gətirib çıxaracaq. Bunu erməni artıq siyasətçilər də etiraf edirlər. Erməni siyasətçilər aydın şəkildə ifadə edirlər ki, bu şəkildə davam edərsə, Ermənistan adlı dövlət xəritədən silinəcək.