Cəmiyyət

Azərbaycan televiziyasının 55 yaşı tamam olur...

14-02-2011 | 15:40        

  

Azərbaycan Televiziyasının 55 yaşı tamam olur. 1926-cı ilin 6 noyabrında Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb, 30 il sonra 1956-cı il fevralın 14-də isə Televiziya tamaşaçıların görüşünə gəlib. Azərbaycan Televiziyasını xalqın milli sərvəti adlandıran ümummilli lider Heydər Əliyev daim onun inkişafına, kollektivin qayğılarına böyük diqqət göstərib. Prezident İlham Əliyev də milli teleradiomuzun Azərbaycan ədəbi dilinin inkişafında, milli mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rolunu yüksək qiymətləndirir. Son 5 il isə Azərbaycan Teleradiosunun həyatında ciddi islahatlarla yadda qalıb.  Teleradionun inkişafına, onun maddi-texniki bazasının, yaradıcılıq imkanlarının genişlənməsinə hər zaman xüsusi diqqət göstərən ümummilli lider Heydər Əliyev onun cəmiyyət həyatında, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, azərbaycançılıq ideyalarının, milli-mənəvi dəyərlərin təbliğindəki rolunu yüksək qiymətləndirirdi. Ulu öndər bu mötəbər tribunada çalışanlara - teleradio işçilərinə böyük qayğı ilə yanaşırdı. Teleradionun kollektivi bu gün də ölkə başçısı  İlham Əliyev tərəfindən tərəfindən  həmin qayğını hiss edir. Son illər Teleradionun həyatında baş verənlər də elə bu qayğının nəticəsidir. Beş il əvvəl Azərbaycan Televiziyasında başlanan əsaslı yenidənqurma işlərinin, köklü islahatların nəticələri göz önündədir. Bu islahatların nəticəsidir ki, hər addımda yeniliklə rastlaşırsan. Studiyalar, çəkiliş pavilyonları, zəngin maddi-texniki baza, ən müasir texniki imkanlara malik avadanlıqla təchiz olunan montaj otaqları buradakı böyük yenidənqurmadan xəbər verir. Prezident İlham Əliyevin birbaşa diqqəti və qayğısı ilə Azərbaycan Televiziyasında mərhələli şəkildə həyata keçirilən islahatların məqsədi isə Azərbaycan teleradiosunun nüfuzunu daha da artırmaq, tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etməkdir.

Mənəvi və fiziki cəhətdən köhnəlmiş avadanlıqların yenisi ilə əvəz olunması, rəqəmsal və  “lentsiz texnologiya”ya keçid, qeyri-xətti montaj və kompüter qrafikası stansiyalarının tətbiqi, müasir proqram buraxılışı aparat otağının quraşdırılması – son 5 ilin uğurlarındandır..

Bu müddət ərzində Studiyaların hamısı  rəqəmsal  çəkiliş avadanlıqları və kompüterlə idarə olunan ən müasir işıq sistemləri ilə təmin olunub. Bütün çəkiliş meydançaları mərkəzləşdirilmiş havalandırma sisteminə malikdir. Dublyaj studiyası üçün də ayrılan otaqlar da yenidən qurulub, müvafiq avadanlıqla təchiz edilib.

İndi Azərbaycan Televiziyasındakı dəyişikliklər həm də verilişlərin məzmun və formatında özünü büruzə verir, yaradıcılıq imkanlarını artırır. Yenidənqurma işlərindən biri də “Xəbərlər” proqramına aiddir. Televiziyanın İnformasiya Proqramları Studiyasının yeni “Xəbər otağı” müasir xəbərçilik standartlarına tam uyğunlaşdırılıb. Bu möhtəşəm studiya xəbərin istehsalından tutmuş tamaşaçılara çatdırılmasına qədər bütün prosesi bir məkanda cəmləyib. Bu, xəbərlərin daha çevik istehsalına, tamaşaçılara daha çox informasiya çatdırılmasına imkan verir, vaxt itkisini aradan qaldırır, operativliyə təminat yaradır. Teleməkanda ön mövqedə olan “Xəbərlər” proqramının əməkdaşları ölkədə gedən ictimai-siyasi, iqtisadi və mədəni quruculuq proseslərini, cəmiyyətin aktual problemlərindən bəhs edən, günün nəbzinə uyğun süjetləri, xaricdəki müxbir məntəqələrimizin, bölgə müxbirlərimizin ötürdüyü informasiyaları, idman həyatındakı yenilikləri indi daha operativlik və peşəkarlıqla tamaşaçılara təqdim edir. Son beş ildə aparılan müsabiqələr əsasında yüzdən çox gənc televiziyaya işə cəlb olunub. Bu gün onlar böyük təcrübəyə malik jurnalistlərlə çiyin-çiyinə çalışırlar. Televiziyada hava proqnozu da yeni formatda təqdim olunur , tamaşaçılar Beynəlxalq  Hava proqnozları mərkəzinin gündəlik və həftəlik məlumatları ilə tanış edilir.

...Verilişlərin daha yüksək səviyyədə hazırlanması üçün müasir qeyri-xətti montaj avadanlıqları  quraşdırılıb. Bu isə montaj olunan materialların lentə köçürülmə prosesi olmadan birbaşa efir serverinə ötürülməsinə imkan yaradıb.

Səyyar Televiziya Stansiyaları  da təzələnib. 2008-ci ildə 8 və 10 kameralı rəqəmsal avadanlıqla təchiz olunan müasir Səyyar Televiziya Stansiyaları alınıb və bu STS-lər mühüm əhəmiyyətli tədbirlərin tamaşaçılara yüksək səviyyədə çatdırılmasına imkan verir....

.... 2009-cu il fevral ayının 1-dən efirə çıxan “İdman Az-n” kanalı idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə oldu. Hər gün 14 saat yayımlanan bu kanalda tamaşaçılara 5 xəbər buraxılışı və 17 orijinal veriliş təqdim edilir. Bu iki ildə elə bir idman növü yoxdur ki, “İdman Az-n” kanalı onunla bağlı istər beynəlxalq, istərsə də ölkədaxili yarışlardan canlı yayımlar verməsin. İndiyədək kanalda idmanın müxtəlif növlərini əhatə edən onlarla beynəlxalq yarış və turnir göstərilib, çempionatlar canlı yayımlanıb. Hər ay Avropanın 60-dan çox ən reytinqli futbol yarışı kanal vasitəsilə birbaşa yayımlanır....

....1975-ci ildən fəaliyyətə başlayan Teleteatr da əsaslı şəkildə yenidən qurulub, burada da ən müasir texniki avadanlıq, işıq sistemi quraşdırılıb. İndi studiya yeni görkəmdə verilişlərin, tok-şouların  çəkiliş meydanına çevrilib.

....Televiziyamızın ən böyük çəkiliş məkanı olan “Qarabağ” studiyası da tamamilə yenilənib. 2011-ci ilin Yeni il şənlikləri də məhz bu möhtəşəm studiyadan tamaşaçılara təqdim olundu...

....İndi müasirliyi özündə ehtiva edən yüksək əyarlı peşəkar telekanala çevrilən Az-n Televiziyası Qərb standartlarına tam uyğunlaşıb. Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan iqtisadi islahatlar və dinamik inkişaf Azərbaycan televiziyasının da gündəlik fəaliyyətində özünü göstərməkdədir. 

....Azərbaycan Televiziyasındakı yeniliklər əcnəbi qonaqlarımızın  da diqqətindən yayınmır. 2010-cu ilin yanvarında Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları Televiziyamızda  gördüklərindən, burada aparılan islahatlardan məmnun qaldılar.

...2010-cu il iyunun 14-də Qurtuluş günündə isə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində ulu öndər Heydər Əliyevin büstünün, “Heydər Əliyev muzeyi”nin və Televiziya Akademiyasının açılışı oldu...

Azərbaycan Televiziyasında gedən bu inkişaf və bütün uğurlar bir mətləbə, bir amala xidmət edir. Azərbaycan mədəniyyətini, ədəbi irsini, milli və mənəvi dəyərlərini dünya sivilizasiyasına qovuşmasını təmin etmək. Bu isə xalqımızın nə qədər qədim kökə malik və proqressiv olduğunu göstərməkdir. Dünya sivilizasiyasını yaradanlar içində millətimizin də imzasının olduğunu bəyan etməkdir.

...2010-cu ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti daha bir uğura imza atdı. Milli Televiziya və Radio Şurasının “Mədəniyyət” telekanalının açılması ilə bağlı elan etdiyi müsabiqənin  qalibi oldu. Az-n Televiziyasının 55 yaşının tamamında onun nəzdində Azərbaycan ziyalılarının və sənətçilərinin çoxdankı arzusu olan “Mədəniyyət” kanalı ilk dəfə tamaşaçıların görüşünə gəlir. Kanalın uğurlu fəaliyyəti üçün isə Azərbaycan Televiziyasının kifayət qədər təcrübəsi, zəngin fondu, müasir texniki təchizatı və peşəkar kadr potensialı var. Texniki bazanın gücləndirilməsi və kadr potensialının həmişə artırılması isə ölkə başçısının uzun illər ana televiziyamıza göstərdiyi qayğının nəticəsidir. İndi Mədəniyyət Kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edəcək, dünya mədəniyyətinin incilərini isə tamaşaçılara çatdıracaq.

...Bəli, Azərbaycan Televiziyası 55 yaşını uğurlarla bayram edir. Televiziyamızın hər bir uğurunda isə Ölkə Prezidenti İlham Əliyevin çox böyük əməyi var. Məhz onun diqqəti və qayğısı nəticəsində bütün ölkə vətəndaşları kimi Azərbaycan televiziyası kollektivinin də peşəkarlıq səviyyəsi, sosial rifahı günbəgün artmaqdadır. Kollektivimiz isə bu müasir yanaşma, gözəl iş şəraiti, ümumilikdə, Ana Televiziyamıza diqqətinə görə Prezident İlham Əliyevə minnətdardır.