İqtisadiyyat

Azərbaycan XV Şərqi Aralıq dənizi beynəlxalq turizm və səyahət sərgisində iştirak edir

12-02-2011 | 13:55        

  

Türkiyənin İstanbul şəhərində 15-ci Şərqi Aralıq dənizi Beynəlxalq turizm və səyahət sərgisi öz işinə başlayıb. Azərbaycanın da iştirak etdiyi sərgiyə 60-dan çox ölkəni təmsil edən turizm şirkətləri qatılıb.

Ənənəvi olaraq, hər il keçirilən 15-ci Şərqi Aralıq dənizi Beynəlxalq turizm və səyahət sərgisində Azərbaycanın nümayəndə heyəti daha geniş şəkildə təmsil olunur. Sərgidə Azərbaycanın turizm potensialı 50 kv.metr stendlə təbliğ olunur. Stendimizdə ölkəmizin son illər turizm sektorunda əldə etdiyi nailiyyətlər, gözəl təbiəti, turizm potensialı və dilbər guşələri nümayiş etdirilir. Sərgidə iştirakçılara həmçinin Azərbaycan həqiqətlərini – tarixi, müasirliyini və mədəniyyətini əks etdirən müxtəlif dillərdə nəşr edilən kitab və bukletlər təqdim olunur. Onların arasında “Böyük İpək Yolu və Azərbaycan”, “Azərbaycan xalçaları”, “Lahıc”, “Bakının əyləncə mərkəzləri və restoranları”, “Azərbaycana xoş gəlmişsiniz” və bu kimi digər buklet və kitabçalar yer alır. Qonaqlara təqdim edilən Azərbaycana aid açıqcalar, fotoalbomlar, turizm marşrut sxemləri, döş nişanları, CD-lər ölkəmiz haqqında onlarda xoş təəssürat yaradıb. Xalqlar arasında sülhün və əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə keçirilən turizm sərgisində Azərbaycan öz stendini təqdim etməklə yanaşı, milli rəqs qrupu bədii proqramla da çıxış edib. Milli rəqslərimizi təbliğ etmək məqsədilə Dövlət Mahnı və Rəqs Ansamblının 6 nəfərdən ibarət nümayəndə heyəti Türkiyəyə ezam olunub. Rəqs qrupunun çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Dünyanın ən böyük 6-cı turizm sərgisi fevral ayının 15-dək davam edəcək.