Rəsmi xronika

Prezident İlham Əliyev Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Tyeri Marianini qəbul edib

11-02-2011 | 17:06        

  

Prezident İlham Əliyev fevralın 11-də Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Tyeri Marianini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Fransa arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq ölkələrimizin münasibətlərinin tərəfdaşlıq xarakteri daşıdığını bildirib. Fransa şirkətlərinin artıq ölkəmizlə bir sıra sahələrdə uğurlu əməkdaşlıq etdiyini qeyd edən dövlət başçısı nəqliyyat sektorunda da geniş əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.

Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Tyeri Mariani ölkəmizə növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirib. Ölkələrimiz arasında münasibətlərin son illər daha da genişləndiyini vurğulayan qonaq Fransanın xüsusilə Azərbaycanın nəqliyyat sektoruna böyük maraq göstərdiyini deyib. Ölkəmizi yaxından tanıdığını qeyd edən Tyeri Mariani əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Dövlətimizin başçısı Azərbaycanda avtomobil yollarının, dəmir yol nəqliyyatının və eləcə də Bakıda metropoliten şəbəkəsinin təkmilləşdirilməsində Fransa şirkətlərinin iştirakına və Fransa texnologiyasının tətbiqinə ölkəmizin böyük önəm verdiyini deyib. Prezident İlham Əliyev Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Tyeri Marianinin Azərbaycan-Fransa əlaqələrinin bu sahədə inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.