Xarici xəbərlər

Ermənistan ordusunda daha bir əsgər işgəncə verilərək öldürülüb

11-02-2011 | 16:07        

  

Ermənistan ordusunun daha bir əsgəri işgəncə verilərək  öldürülüb.  Silahlı qüvvələrdə belə halları  şərtləndirən başlıca amil  yenə də nəzarətsizlik, korrupsiya, özbaşınalıq, regionçuluq və “dedovşina” –dır.

Ermənistan ordusunda növbəti ölüm faktı işğal altındakı torpaqlarımızda qeydə alınıb. Ermənistanda  nəşr olunan “Qraparak” qəzetinin yaydığı məlumatda deyilir ki, 19 yaşlı erməni əsgəri Gevorq Kotinyan Martunidəki hərbi hissələrin birində öldürülüb. Meyitin üzərində aparılan yoxlamalar nəticəsində məlum olub ki, onun ölümünə səbəb çoxsaylı zərbələr və işgəncə hallarıdır. İlkin məlumatlara görə, Kotinyanı 4 əsgər döyüb və aldığı zərbələrə dözə bilməyən Gevorq elə yerindəcə keçinib.  İşin maraqlı tərəflərindən biri budur ki, əsgərin öldürülməsi faktı fevralın 6-da qeydə alınıb. Lakin bununla bağlı məlumat gizlədilib. “Qraparak” qəzeti isə bu məlumatı ölən əsgərin yaxınlarından əldə edərək açıqladıqdan sonra Ermənistan Müdafiə Nazirliyi baş vermiş hadisəni təsdiqləmək məcburiyyəti qarşısında qalıb.  Ordudakı ölüm faktlarının  gizlədilməsi bu ölkədə adi hala çevrilib.  Ötən il döyülmə və işgəncə nəticəsində ölən erməni əsgərlərinin sayının 50-dən çox olduğu rəsmi qaydada açıqlanıb. Yerli Qeyri hökümət təşkilatlarının apardığı statistik təhlillər isə Ermənistan Müdafiə Nazirliyinin yalanını üzə çıxarıb.   Onların ortaya çıxardığı rəqəmlərindən belə anlaşılır ki, Ermənistan silahlı qüvvələrində əsgər öldürmək su içmək kimi bir şeydir. Orduda zabitlər əsgərlərə qul və gəlir mənbəyi kimi baxırlar. Onlar öz əsgərlərini müxtəlif yerlərdə işlətməklə yanaşı, həm də vaxtaşırı  rüşvət tələb edirlər. Həmin məbləğləri verə bilməyən erməni əsgərləri isə nəticədə döyülərək, işgəncələrə məruz qalır və ya öldürülür. İnsan amilinə belə münasibətin hökm sürdüyü şəraitdə Ermənistan ordusunda cinayətlərin bundan sonra da səngiməyəcəyi reallıqdır.