Siyasət

Avropa Parlamentində Xocalı faciəsindən danışılıb

11-02-2011 | 15:42        

  

Avropa Parlamentində Xocalı faciəsinin qurbanları anılıb. “Azərbaycanda məcburi köçkünlər: “Xocalıdan Bakıya” adlı tədbirdə ermənilərin törədikləri hadisələr ictimaiyyətin diqqətinə çatdırılıb. Faciənin tarixindən danışan  Sərhədsiz İnsan Haqları Təşkilatı  Avropa Parlamenti sədrinin müavini Laslo Tokeş qurumu təmsil edən nümayəndə heyətinin yanvarın 27-dən 31-dək Azərbaycanda səfərdə olduğunu, Bakı və ətraf rayonlarda məskunlaşmış məcburi köçkünlərlə görüşərək onların vəziyyətinə dair hesabat hazırladığını bildirib. Qurumun sədri Villi Fotre isə əlavə edib ki, Xocalı faciəsi ilə bağlı təşkilat tərəfindən xeyli material toplanılıb. Onların siyasi xarakter daşımadığını, əsas məqsədin 613 nəfər günahsız insanın qətlə yetirildiyi Xocalı faciəsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkünə çevrilən yüz minlərlə insanın üzləşdiyi humanitar problemlər barədə məlumat vermək olduğunu bildirib. Təşkilatın rəhbəri Xocalı qaçqınları ilə görüşdüyünü qeyd edib və onların başına gələnləri qaçqınların öz dillərindən eşitdiyini deyib. Tədbirdə həmçinin qaçqınların həm əvvəlki, həm də indiki vəziyyətini, yaşayış şəraitini əks etdirən şəkillər nümayiş etdirilib. Sonra qaçqın və məcburi köçkünlərin hüquqları üzrə mütəxəssis Skot Grosbi münaqişələr zamanı mülki insanların qorunması və məcburi köçkünlərin öz yerlərinə qayıtması ilə bağlı beynəlxalq hüququn müddəaları barədə məlumat verib.