Siyasət

Litva seyminin sədri Azərbaycanda apardığı müzakirələrdən razıdır

10-02-2011 | 19:26        

  

Dağlıq Qarabağ probleminin həlli məsələsində Litvanın mövqeyi hər zaman ondan ibarət olub ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini tapmalıdır. Bu sözləri Litva Seyminin sədri İrena Dyaqutyene Azərbaycana səfərinin yekununa dair keçirdiyi mətbuat konfransında söyləyib. Qonaq Bakıda apardığı müzakirələrdən razı qaldığını bildirib. Azərbaycanda dövlət və hökumət rəsmiləri ilə keçirdiyim görüşlərdə müxtəlif məsələlərə dair səmərəli müzakirələr apardıq, deyən Litva Seyminin sədri bildirib ki, bu danışıqlar ölkələrimizin əməkdaşlığını daha da möhkəmləndirəcək. Bunlardan birincisi iqtisadiyyat sahəsində əməkdaşlıqdır ki, səfər çərçivəsində 40-dan çox Litvadan, 100-dən çox Azərbaycandan olan sahibkarın iştirakı ilə biznes forum keçirildi və elm, texnologiya, informasiya sahələrinə dair üç saziş imzalandı. Növbəti belə bir forum isə Litvada keçiriləcək. Bundan başqa investisiyaların qoyuluşu, yeyinti, energetika sahələrində əməkdaşlığın inkişafına dair gərəkli müzakirələr apardıq. Litvanı daha çox enerji layihələrinin maraqlandırdığını deyən seym sədri bildirib ki, hazırda ölkəsində maye qaz terminalının tikintisi aparılır. Qaz təchizatı baxımından asılı vəziyyətdə olan Litva Azərbaycandan mavi yanacaq almaqda maraqlıdır. Keçirilən görüşlərdə Xəzərin  ehtiyatlarının Polşa üzərindən Litvaya nəqli, həmçinin Dövlət Neft Şirkətinin Litva nümayəndəliyinin açılması da müzakirə olunub.


Litva Seyminin sədri İrena Dyaqutyene : “Bizi maraqlandıran məsələlərdən biri də nəqliyyat sahəsində dəmir yolu ilə yükdaşımaların həyata keçirilməsindəki əməkdaşlıqdır. “Vikinq” layihəsinin uzunluğunu artıraraq Azərbaycana qədər gətirməyi, “Vikinq” və TRACECA dəhlizini birləşdirməyi təklif edirik. İqtisadi əlaqələrin genişləndirilməsi və turizmin inkişafı üçün Bakı-Vilnüs, Vilnüs-Bakı aviareyslərinin açılmasına böyük ehtiyac var. Biz həmçinin Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, tələbə mübadiləsi məsələlərini də müzakirə etdik. Azərbaycan tərəfi Litvada təhsil alan tələbələrin sayının artırılmasını müsbət qarşıladı”.

Dağlıq Qarabağ problemindən danışan  İrena Dyaqutyene deyib ki, Litva Seyminin yaz sessiyasında münaqişənin sülh yolu ilə həllinə dair qətnamə layihəsi müzakirəyə çıxarılacaq.

 

Litva Seyminin sədri İrena Dyaqutyene : “Litva Seymində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair  qətnamə layihəsini artıq 50 millət vəkili imzalayıb. Bu sənəddə münaqişənin sülh yolu ilə həlli təklif olunub. Yaz sessiyasında sənədin müzakirəsi davam etdiriləcək. Litvanın rəsmi mövqeyi hər zaman ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.

Qeyd olunub ki, Litva bu il ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni edəcək. Bununla bağlı  yaxın vaxtlarda Litvanın xarici işlər naziri ATƏT-in sədri kimi Azərbaycana səfər edəcək.

 


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR