İqtisadiyyat

ARDNŞ kadr hazırlığı istiqamətində mühüm addımlar atır

01-05-2012 | 13:06        

  

 Dövlət Neft Şirkəti ixtisaslı fəhlələrin hazırlanması istiqamətində  mühüm addımlar atır. Şirkətin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nəzdində fəaliyyət göstərən peşə  mərkəzinə  müsabiqə yolu ilə qəbul olunan tələbələrin dərslərinə start verilib.  Dövlət Neft Şirkətinin artıq 7 ildir ki, fəaliyyət göstərən Təlim, Tədris və Sertifikatlaşdırma idarəsinin kadr hazırlığının təşkili mərkəzində yeni tədris ilinin başlanması münasibəti ilə mərasim keçirildi. Neft qaz sənayesində ixtisaslı fəhlələrə tələbatın həmişə  yüksək olduğunu deyən, idarənin rəisi Fuad Süleymanov bildirdi ki, 2012-2013 cü  tədris ilində  mərkəzə qəbulla bağlı orta təhsilli 453 nəfər müraciət edib və onların 113-ü yüksək bal toplayaraq mərkəzə qəbul olunub. Kadr hazırlığının təşkili mərkəzində dərslərin keyfiyyətinin ildən-ilə daha da yüksəldiyini bildirən Dövlət Neft Şirkətinin Kadr, Rejim və İnformasiya Texnologiyaları üzrə vitse prezidenti Xalik Məmmədov mərkəzdə maddi texniki bazanın yaxşılaşdırıldığını qeyd etdi. Vurğuladı ki, Şirkətin strukturlarında işləyən 78 mindən çox işçinin 60 minini fəhlə və texniki peşə sahibləri təşkil edir. Şirkətin müəsisələrinə hər il  6- 7 min yeni işçi tələb olunur. Buna görə də ixtisaslı kadrlara hər zaman ehtiyac var.  Mərkəzə Heydər Əliyev Fondunun təqdimatı əsasında qəbul olunan 11 şagird uşaq evlərində böyüyüb, tərbiyə alıb. Mərkəzə müsabiqədən kənar qəbul edilən həmin şagirdlər burada təhsil almaqla yanaşı, mərkəzin  hər cür şəraitə malik gənc mütəxəsislər evində yaşayacaq və gündəlik yeməklə təmin olunacaqlar. Kadr hazırlığının təşkili mərkəzinə qəbul olunan  şagirdlər  7 ixtisas üzrə  təhsil alacaqlar.