Mədəniyyət

Əlişir Nəvainin 570 illiyi Azərbaycanda da qeyd olunur

09-02-2011 | 15:13        

  

Böyük mütəfəkkir, filosof, özbək ədəbiyyatı tarixinin ən görkəmli nümayəndəsi Əlişir Nəvainin 570 illiyi ölkəmizdə də qeyd olunub. Nəvai sevərlər onun paytaxt Bakıdakı abidəsi ətrafında bir araya gəliblər.

Özbəkistanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Milli Məclisin deputatları, Azərbaycan-Özbəkistan dostluq cəmiyyətinin üzvləri özbək ədəbiyyatının ən görkəmli nümayəndəsi Əlişir Nəvainin abidəsini ziyarət etdilər. Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşev bildirib ki, böyük şairin Bakıda qoyulan abidəsi Azərbaycan və Özbəkistan xalqları arasında dostluğun simvoludur. Səfir filosofun keçdiyi həyat yolu, yazdığı əsərlər barədə geniş məlumat verib. Nizami Gəncəvinin yazdığı “Xəmsə”nin təsiri altında Əlişir Nəvai 1483-85 ci illərdə Şərq ədəbiyyatında ilk dəfə türk dilində “Xəmsə” yazıb. Və sübut edib ki, türk ədəbi dilinin gücü dünya səviyyəli əsərlər yaratmağa qadirdir.

Yazıçılar İttifaqının sədri Anar isə deyib ki, Əlişir Nəvai özünü hər zaman Nizami Gəncəvinin tələbəsi hesab edib. Şərq ədəbiyyatında yeni “Xəmsə” yaratmaq Nəvainin filosof düşüncəsinin, şairlik istedadının və qabiliyyətinin nəticəsi idi. Ədəbiyyatşünas Akif Azalp isə şairin şerlərindən nümunələr səsləndirdi. Nəvainin əsərləri hələ sağlığında dünyanın bir çox dillərinə tərcümə olunub. Onun əlyazmaları isə Rusiya, İngiltərə, Türkiyə və digər ölkələrin məşhur kitabxanalarında qorunur.