Bakı vaxtı : 
Rəsmi xronika

Prezident İlham Əliyev Ağır Maşınqayırma və Dəqiq Emal Mərkəzləri zavodlarının açılışında iştirak edib

Prezident İlham Əliyev aprelin 24-də Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərən Polimer məhsulları istehsalı zavodunun genişləndirilməsi ilə tanış olub, Ağır Maşınqayırma və Dəqiq Emal Mərkəzləri zavodlarının açılışında iştirak edib. 

Dövlət Başçısına əvvəlcə Sumqayıt Texnologiyalar Parkının Kabel Zavodunun tikintisinin 3-cü mərhələsi çərçivəsində inşa edilən yüksək gərginlikli kabellərin izolyasiya xətlərinin quraşdırılacağı qüllə barədə məlumat verilib. Bildirilib ki, burada 500 kilovoltluq güc kabellərinin 2 izolyasiya xətti yerləşəcək. Bu layihə MDB məkanı və Yaxın Şərqdə  yeganə olaraq  Azərbaycanda reallaşdırılır. Qüllənin dayaqları 40 metr yerin altındadır. Ümumi uzunluğu 124,5 metr olan qüllənin tikintisinə 2009-cu ilin sonunda başlanılıb və tikinti işlərinin yekunlaşması, həmçinin avadanlıqların quraşdırılması 2012-ci ilin sonuna kimi yekunlaşacaq.  

Dövlət başçısına Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərən digər istehsal müəssisələri barədə məlumat verilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə iqtisadiyyatında qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması məqsədi ilə bu Park Azərbaycanın sənayə nəhənglərindən birinə çevrilməkdədir. 

Prezident İlham Əliyev Polimer məhsulları istehsalı zavodunun

Dövlət başçısına məlumat verilib ki, zavodun ümumi ərazisi 2,8 hektardır. Hazırda burada 400 nəfər işlə təmin edilib. Zavod sutkada 396 ton polietilen boru istehsal etmək gücünə malikdir. Burada quraşdırılan yeni xətlərdə 16 millimetrdən 800 millimetrədək borular istehsal etmək mümkündür. Zavodun məhsulları müasir tələblərə cavab verir. Polietilen borular yüksək təzyiqə davamlı olmaqla yanaşı, həm də korroziyaya uğramır. Onlara 50 il zəmanət verilir. Buradakı xətlərin hər birinin saatda 1300 kiloqram polietilen boru emal etmək gücü var. Zavodda diametri 50 millimetrdən 250 millimetrədək olmaqla istehsal edilən drenaj qurğuları, həmçinin qızdırıcı xətlərin çəkilməsi üçün nəzərdə tutulan polipropilen borular da ən müasir tələblərə uyğun şəkildə, yüksək keyfiyyətə istehsal olunur. Prezident İlham Əliyevə məlumat verildi ki, zavodda quraşdırılan və Almaniya istehsalı olan avadanlıqlar ən son texnoloji yeniliklərə cavab verir ki, bu da öz növbəsində yüksək keyfiyyətli və rəqabətə davamlı məhsul əldə etməyə geniş imkanlar açır. MDB-də analoqu olmayan bu zavod daxili tələbatı tam ödəməklə yanaşı, məhsullarını bir sıra xarici dövlətlərə də ixrac etməyi nəzərdə tutur. Müəssisənin idarə edilməsi i tam avtomatlaşdırılıb. Gələcəkdə zavodun fəaliyyəti daha da genişlənəcək. Yaxın günlərdə burada diametri 1200 millimetr olan kanalizasiya borularının istehsalına başlanılacaq. Bundan başqa zavod polipropelindən stadionlar üçün tamaşaçı  oturacaqları və xüsusi sifarişlə bir sıra digər məhsullar istehsal etmək gücündədir. Zavod xammalı Almaniyadan alır. Müəssisənin fəaliyyəti ilə tanış olan dövlət başçısı tapşırıq və tövsiyələrini verib.

Prezident İlham Əliyev Sumqayıt Texnologiyalar Parkının Ağır maşınqayırma zavodunun açılışında da iştirak edib.

                                   Zavodda yaradılan şəraitlə tanış olan dövlət başçısına məlumat verilib ki, burada Su Elektrik Stansiyalarının inşası üçün metal konstruksiyalar, elektrik stansiyalarının tikintisində istifadə edilən müxtəlif hissələr istehsal edilir. Burada həmçinin 10, 110, 220 və 330 kilovoltluq elektrik dayaqları hazırlanır. Zavodda quraşdırılan müasir avadanlıq elektrik stansiyalarının tikintisi üçün metal konstruksiyalar, Su Elektrik Stansiyaları üçün qəbuledici turbinləri və digər hissələri yüksək keyfiyyətlə hazırlamaq üçün hərtərəfli imkan yaradır.  Burada həmçinin energetika avadanlıqlarının təmiri həyata keçiriləcək. Dövlət başçısının diqqətinə çatdırıldı ki, zavodun illik istehsal gücü 50 min tondur. Bu cür gücə malik zavod Cənubi Qafqazda yalnız Azərbaycandadır. Gələcəkdə müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur. Zavod məhsullarını xaricə də satmağı planlaşdırır. Sonra Prezident İlham Əliyev Sumqayıt Texnologiyalar Parkının Dəqiq Emal Mərkəzləri zavodunun açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, zavod “Maşın mexanizmlərinin işlək detallarının dəqiq emalı və hazırlanması sexi” və bu sexin tərkibində olan pəstah, xüsusi təyinatlı avadanlıqlarının işlək hissələrinin emalı və avadanlıqların işlək detallarının dəqiq emalı sahələrindən ibarətdir. “Pəstah sahəsində” detalların hazırlanması üçün lazım olan materiallar universal frez və universal torna dəzgahları vasitəsi ilə müvafiq ölçülərə gətirilir. “Xüsusi təyinatlı avadanlıqların işlək hissələrinin emalı sahəsində” isə hidroturbin, alternativ  enerji qurğularının hissələri yüksək dəqiqliklə və keyfiyyətlə istehsal olunur. “Avadanlıqların işlək detallarının dəqiq emalı sahəsində” mexanizmlərin müxtəlif hissələrinin torna emal mərkəzlərində emalı aparılır. Müxtəlif ölçülü valların, müxtəlif tipli reduktor hissələrinin hazırlanması həyata keçirilir. Zavoddakı bütün CNC torna və frez dəzgahları Yaponyanın istehsalı olan yüksək dəqiqliyə malik texnoloji avadanlıqlardır. Bunlar 3, 4 və 5 oxlu emal mərkəzləridir. Bu isə eyni anda bir neçə əməliyyatı həyata keçirmək imkanı verir. Bu dəzgahların proqramlaşdırılması üçün yüksək səviyyəli kompyüter proqram sistemlərindən istifadə olunur. Bu proqramlar sayəsində əvvəlcə hazırlanacaq detalın 3D və 2D modelləri hazırlanır. Daha sonra proqram vasitəsi ilə bu detalların işlənməsi üçün lazım olan kəsici alətlər sistem tərəfindən seçilir. Bundan başqa CMM dəzgahlarında istənilən detalın 3D modelləri çıxarıla bilər. Bu da öz növbəsində istehsal prosesinin dəqiq və sürətli yerinə yetirilməsi deməkdir. Prezident İlham Əliyevə məlumat verildi ki, zavodda dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətlərinin istehsalı olan 58 dəstgah quraşdırılıb. Bu dəzgahlarda energetika, maşınqayırma və neft sənayesi sektoruna aid bir çox detalların emalı mümkündür. Burada həmçinin plastik injektorlu qəliblərin, ştampların layihələndirilməsi, hissələrinin emalı, yığımı yerinə yetirilir. Zavodda kabel istehsalı üçün müxtəlif ölçülü kolibrlər, matrisa və dornalar istehsal olunur. Bundan başqa burada Sumqayıt Texnologiyalar Parkının Polimer məhsulları istehsalı və Kabel zavodları üçün də müxtəlif ölçülü detallar hazırlanır. Müəssisə İsveçrə, İsveç və Almanyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edir. Zavodun personalı bir sıra ölkələrdə ixtisasartırma kurslarında iştirak edir. Gələcəkdə müəssisənin fəaliyyəti genişləndiriləcək, zavod daxili bazardakı tələbatı ödəməklə yanaşı xarici ölkələrə də məhsulunu ixrac edəcək. Zavodun fəaliyyəti ilə tanış olan Dövlət başçısı tapşırıq və tövsiyələrini verib. 

 

 

Axtarış
Hava haqqında
Bakı (20-12-2014) :
Azbuludlu Gecə : +6 | Gündüz: +11
Məzənnələr
Dollar:
Alış: 0.7797 | Satış: 0.7879

RUR:
Alış: 0.012 | Satış: 0.0131

Avro:
Alış: 0.9571 | Satış: 0.9702
AzTV təqdim edir