Cəmiyyət

Azərbaycanda milad bayramı qeyd edilib

11-01-2011 | 12:09        

  

Azərbaycanda dini tolerantlıq çox yüksək səviyyədədir. Ölkədə müxtəlif dini baxışları olan insanlar vahid bir ailə kimi sülh və əmin-amanlıq içində yaşayırlar. Bu nailiyyətlərdə Prezident İlham Əliyevin xüsusi xidmətləri var. Bu fikirlər Milad bayramı münasibəti ilə Bakı və Xəzəryanı Yeparxiyasının təşkil etdiyi tədbirdə səslənib.  Tədbirdə ölkəmizdəki dini icmaların rəhbərləri, Azərbaycanda akkreditə olunmuş səfirlər və diplomatik korpus nümayəndələri iştirak ediblər. Bayram münasibəti ilə təbrikini çatdıran Bakı və Xəzəryanı yepiskopu Aleksandr Ata bildirib ki, Milad bayramı xristianlar üçün əziz bayramlardan biridir. Bu bayramın Azərbaycanda sülh şəraitində və yüksək səviyyədə qeyd etdiklərini deyən Aleksandr Ata Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin ölkəmizdə mövcud olan dini tolerantlığın ən yüksək səviyyəyə çatması istiqamətində atdıqları addımlardan bəhs edib. “Ötən ilin aprelində dünya dini liderlərinin Bakıda keçirilən sammiti bütün dünyaya sübut edib ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası əlaqələrin daha da inkişaf etməsinə böyük diqqət göstərilir.”- Bu sözləri də Bakı və Xəzəryanı yepiskopu Aleksandr Ata söyləyib. Sonra Azərbaycandakı Rus İcmasının sədri, Millət vəkili Mixail Zabelin Prezident İlham Əliyevin ölkəmizdəki pravoslav xristian icmasına ünvanladığı təbriki oxuyub. Tədbirdə çıxış edən ölkəmizdəki dini icmaların rəhbərləri təbriklərini çatdırıblar, Azərbaycandakı dini tolerantlığın bütün dünyaya nümunə olduğunu söyləyiblər.