İqtisadiyyat

Azərbaycan 3 beynəlxalq turizm sərgisində təmsil olunacaq

08-02-2011 | 13:06        

  

Fevralda Azərbaycan daha üç beynəlxalq turizm sərgisində təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə  ilk sərgi Türkiyədə baş tutacaq. İstanbulda hər il keçirilən EMİT sərgisində Azərbaycanın turizm potensialı 60 kvadrat metrlik lövhədə nümayiş etdiriləcək. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 6 üzvü və turizm şirkətlərinin təmsilçiləri iştirak edəcək. Ölkəmizin təmsil olunacağı ikinci sərgi Latviyanın paytaxtı Riqada keçiriləcək «Balttour-2011»dir. Sərgidə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülən 24 kvadrat metrlik sahədə Azərbaycanın təbiəti, coğrafi mövqeyi, regionlardakı mövcud turizm imkanları, ölkədə fəaliyyət göstərən istirahət məkanları haqqında    məlumatlar yer alacaq.  Ziyarətçilərə rus və ingilis dillərində hazırlanmış reklam-çap məhsulları təqdim ediləcək.  Üçüncü beynəlxalq turizm sərgisi isə İtaliyada keçiriləcək. «BİT 2011» sərgisi fevralın 17-dən 20-dək Milanda baş tutacaq. Burada da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin turizm potensialını nümayiş etdirmək üçün 24 kvadratlıq lövhə icarə edilib. «BİT 2011»də Azərbaycan turizmi haqqında məlumatları ziyarətçilərə turizm şöbəsinin təbliğat və marketinq sektorunun və Bakı Turizm İnformasiya Mərkəzinin nümayəndələri  tərəfindən təqdim ediləcək.