Xarici xəbərlər

Misirdə vəziyyət nisbətən sabitləşib

07-02-2011 | 16:11        

  

Misirdə etiraz aksiyaları səngimək üzrədir. Misir müxalifəti xalqı “milyonların marşı” adı altında etiraz aksiyasına çağırsa da,  paytaxt Qahirənin Təhrir meydanında toplaşan insanların sayı əvvəlki günlərə nisbətən xeyli azalıb. Gecə saatlarında da şəhərdə silah səsləri eşidilsə də, polis ciddi hadisənin baş vermədiyini bildirib. Paytaxt Qahirədə artıq bəzi bank və mağazalar fəaliyyətini bərpa ediblər. Ölkənin ikinci böyük şəhəri olan İsgəndəriyyədə də etiraz aksiyaları davam edib. Minlərlə nümayişçi şəhərin mərkəzi küçələrində yürüş edərək şüarlar səsləndiriblər. Lakin burada da hər hansı bir ciddi insident qeydə alınmayıb. Şəhərdə bir çox mağaza və iş yerləri yenidən fəaliyyətini bərpa edib. İctimai nəqliyyat isə gecikmələrlə işləyir. Bu arada Misirin vitse-prezidenti Ömər Süleymanla müxalifət liderləri arasında danışıqlar uğurla nəticələnib. Danışıqlarda ölkədə konstitusiya islahatlarının keçirilməsi üçün komitə yaradılmasına qərar verilib.