Xarici xəbərlər

Ermənistanda nümayişlər dalğası davam edir

05-02-2011 | 17:02        

  

Ermənistanda müxalifət partiyaları yenidən nümayiş keçiriblər. Artıq 140-cı dəfədir ki, siyasi məhbusların qohumları və yaxınları, həmçinin Erməni Milli Konqresinin üzvləri etiraz aksiyası təşkil edirlər. Paytaxt İrəvanda baş prokurorluq binası qarşısına toplaşan aksiyaçılar siyasi məhbuslar azadlığa buraxılması, 1 mart hadisələrində günahı olanlar cəzalandırılmasını tələb ediblər. Etirazçılar hakimiyyəti istefa verməyə çağırıblar. Əks halda etiraz aksiyalarının davamlı olacağı bəyan edilib. Nümayişçilər “Siyasi məhbusları azad edin”, “Qətli törədənlər cəzalandırılsın” kimi şüarlar səsləndiriblər. Onlar baş prokurorluğa tələblərini əks etdirən məktub da ünvanlayıblar. Aksiyanın yekununda nümayişçilər bildiriblər ki, növbəti etiraz nümayişi fevralın 11-nə nəzərdə tutulub. Ermənistan müxalifəti fevralın 18-də də İrəvanda genişmiqyaslı nümayiş planlaşdırıb. Aksiyada Erməni milli Konqresinə daxil olmayan partiya və təşkilatlar da iştirak edəcəklər. Bu arada Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan hakim rejimə qarşı bəyanatlarla çıxış edib. O, hakimiyyət nümayəndələrini xırda diktatorlar adlandırıb. Arzumanyanın sözlərinə görə, hazırda “Çörək! Azadlıq!” şüarları Ermənistan üçün çox aktualdır və xalqın səbri artıq tükənmək üzrədir. Arzumanyan Yaxın Şərqdə baş verənlərlə Ermənistandakı vəziyyəti də müqayisə edib. Ermənistan hakimiyyəti ilə yanaşı, müxalifəti də tənqid edən sabiq nazir bildirib ki, ölkədəki siyasi-iqtisadi böhran artıq ən yüksək səviyyəyə çatıb. Bundan çıxış yolu isə xalqı soyan iqtidardan birdəfəlik qurtulmaqdır. Bu arada “Jamanak» qəzeti Gümrü şəhərində əhalinin sosial narazılığından yazıb. Məlumata görə, Gümrüdə pensiyalar, müavinətlər və maaşların gecikməsilə əlaqədar olaraq, əhali elektrik enerjisinin haqqını ödəyə bilmir. Bu səbəbdən müvafiq qurumlar əksər evlərin işığını kəsib. Əhali bununla bağlı yerli hakimiyyətə müraciət etsə də, bu, cavabsız qalıb.