İqtisadiyyat

Azərbaycanın “İDEX-2011”- də sərgilənəcək hərbi təyinatlı məhsulların siyahısı açıqlanıb

05-02-2011 | 16:34        

  

 Azərbaycanın Abu-Dabidə keçiriləcək beynəlxalq müdafiə  sərgisində nümayiş etdirəcəyi hərbi təyinatlı məhsulların siyahısı açıqlanıb. Bu barədə “İDEX-2011” sərgisinin təşkilat komitəsindən məlumat verilib. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi fevralın 20-dən 24-dək Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçiriləcək “İDEX-2011” beynəlxalq müdafiə sərgisində iştirak edəcək. Azərbaycan müəssisələrində istehsal olunan silah, döyüş sursatları və digər müdafiə təyinatlı məhsullar MSN-in C12-05 saylı stendində nümayiş etdiriləcək. İDEX-in saytında yerləşdirilən məlumata görə, Azərbaycan sərgidə aviasiya dəstək sistemləri, məlumat ötürücüləri, yerüstü sistemlər, nəqliyyat vasitələrinə qarşı silahlar, nəqliyyat vasitələri, mina üzə çıxaran və zərərsizləşdirən avadanlıqlar, yerüstü radar sistemləri, döyüş sursatı və partlayıcı maddələr, artilleriya üçün döyüş sursatları, minaatanlar və atıcı silahlar nümayiş etdirəcək. İki ildən bir keçirilən “İDEX” Yaxın Şərqdə ən böyük müdafiə sərgisidir. Bu il “İDEX”-lə bir yerdə “NAVDEX-2011” adlı hərbi dəniz sərgisi də təşkil olunacaq. “İDEX”-də dünyanın müxtəlif ölkələrindən 900-dən artıq şirkətin öz məhsullarını nümayiş etdirəcəyi gözlənilir. Abu-Dabi Milli Sərgi Mərkəzində  təşkil olunacaq sərgidə müdafiə və təhlükəsizlik sahəsində ən yeni texnologiyalar nümayiş olunacaq. “İDEX-2011” sərgisinə Azərbaycanın müxtəlif hərbi qurumlarının rəhbərləri də dəvət olunub.