Siyasət

“Müstəqilliyimiz əbədidir” çoxcildliyinin növbəti cildi işıq üzü görüb

10-01-2011 | 17:12        

  

“Heydər Əliyev Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 32-ci cildi işıq üzü görüb. Yeni nəşrdə ölkənin ictimai-siyasi, iqtisadi həyatının mühüm məsələlərinə dair materiallar yer alıb. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin çoxcildlik əsərlərinin oxuculara təqdim olunan növbəti 32-ci cildində ulu öndərin çıxışları, bəyanat və müsahibələri, müraciətləri  toplanıb. Kitab 2001-ci ilin yanvarından martınadək olan dövrü əhatə edir. Yeni nəşrdə Azərbaycana gələn beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin, danışıqların, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin inkişafını əks etdirən Bakı bəyannaməsinin materialları dərc olunub. Kitabda ulu öndərin Fransaya rəsmi səfəri zamanı bu ölkənin prezidenti Jak Şirak və digər yüksək vəzifəli şəxslərlə apardıqları danışıqları, Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar təntənəli mərasimdə, Avropa Şurası Parlament Assambleyasının sessiyasında ölkəmizin milli mənafeyini əks etdirən nitqi, mətbuat orqanlarına verdiyi müsahibələri, Azərbaycan, Fransa və Ermənistan prezidentlərinin görüşləri və bəyanatları, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə aid materiallar da verilib. Kitabda ümummilli liderin “Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti” təqdim olunur. Digər cildlərdə olduğu kimi yeni nəşrdə də ulu öndər Heydər Əliyevin respublikanın sürətli iqtisadi tərəqqisi və yüksəlişinə, eləcə də ictimai-siyasi həyatın mühüm məsələlərinə dair materiallar əksini tapıb. Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik  Ramiz Mehdiyevdir.