Cəmiyyət

BAŞ PROKURORLUQDA ÖTƏN İLİN YEKUNLARINA DAİR GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLİB

04-02-2011 | 17:59        

  

Baş Prokurorluqda 2010-cu ildə “Prokurorluq haqqında” qanunda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclası keçirilib. Kollegiyanı giriş sözü ilə açan Baş prokuror Z.Qaralov 2010-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən sosial-iqtisadi göstəricilərə nail olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu qazanılan uğurlar nəticəsində hüquq-mühafizə orqanlarının fəaliyyəti təkmilləşdirilib. “Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün” Dövlət Proqramı uğurla icra olunur. Baş Prokuror proqram çərçivəsində kadrların zəruri bilik və peşə hazırlığının artırılmasını təmin etmək üçün Elm Tədris Mərkəzinin, informasiya texnologiyalarının tətbiqi ilə bağlı Hüquqi təminat və İnformasiya İdarəsinin, Prokurorluq orqanlarında yeni Krimanilstika şöbələrinin yaradıldığını diqqətə çatdırdı. Hesabat ilində kadr siyasətinin təkmilləşdirilməsi istiqamətində 80 ştat vahidi üzrə qulluğa qəbulun aparıldığını dedi. Onun sözlərinə görə, hazırda prokurorluğun kadr korpusunun 41 faizini müsabiqə yolu işə qəbul olunan gənclər təşkil edir. Z.Qaralov vurğuladı ki, həyata keçirilən profilaktik tədbirlər nəticəsində 2010-cu ildə qeydə alınan cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Bütün uçot subyektləri üzrə  törədilən 23 min 10 cinayətin təxminən 86.4 faizinin açılması təmin edilib. Baş Prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyev, Naxçıvan MR-nın prokuroru Səbuhi Şahverdiyev, Bakı Şəhər Prokuroru Əziz Seyidov, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və Xocalı Rayon prokuroru E.Abdullayev 2010-cu ilin yekunları barədə məruzə ilə çıxış etdilər. Kollegiyaya yekun vuran Baş Prokuror Z.Qaralov dövlət başçısının siyasi iradəsinə müvafiq olaraq, Prezident Administrasiyasının rəhbəri R.Mehdiyevin sədrliyi ilə keçirilən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın iclasında prokurorluq orqanlarının qarşısında mühüm vəzifələrin durduğunu diqqətə çatdırdı. Əmin olduğunu bildirdi ki, prokurorluğun kollektivi dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və Azərbaycanın daha da qüdrətlənməsi yolunda öz xidmətlərini göstərəcək.