İqtisadiyyat

VN sahibkarlıq fəaliyyətini həyata keçirən vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin pasportlaşdırılmasına start verib

04-02-2011 | 17:40        

  

Fevralın 1-dən etibarən Vergilər Nazirliyi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin pasportlaşdırılmasına start verilib. Bu barədə Vergilər nazirliyində keçirilən brifinqdə nazir müavini Sahir Məmmədxanov məlumat verib. Pasportlaşdırmanın əsas məqsədi vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin uçot məlumatlarının dürüstləşdirilməsindən ibarətdir. Vergilər nazirinin müavini Sahir Məmmədxanovun sözlərinə görə, pasportlaşdırma vergi əməkdaşlarının vergi ödəyicilərinin təsərrüfat subyektləri olan ünvanlara getməklə fərdi müşahidələr, onların təqdim etdikləri məlumatlar və sorğular üzrə verdikləri cavablar əsasında həyata keçirilir. Hazırda ölkə üzrə 370 min vergi ödəyicisinin olduğunu deyən nazir müavini onlardan 108 minin təsərrüfat subyektləri tərəfindən təşkil edildiyini bildirdi. Sahir Məmmədxanovun sözlərinə görə, pasportlaşdırma tədbirləri zamanı vergi əməkdaşlarının vergi ödəyicilərinə qarşı cərimə, maliyyə sanksiyası və digər məsuliyyət tədbirləri həyata keçirmək səlahiyyətləri yoxdur. Bununla əlaqədar ölkə ərazisində fəaliyyət göstərən və uçot bazasında olan bütün vergi ödəyicilərinin elektron poçt ünvanlarına müvafiq məktublar göndərilib. Bu aksiya gələcəkdə vergi orqanlarında yarana biləcək suallar barədə məlumatların vergi ödəyicilərinə vaxtında çatdırılmasına, beləliklə də mümkün anlaşılmazlıqların vaxtında aradan qaldırılmasına imkan verəcək. Pasportlaşdırma tədbirlərinin bu ilin iyun ayının 1-dək başa çatdırılması nəzərdə tutulub.