Cəmiyyət

QAFQAZ DOSTLUQ EVİNİN RƏHBƏRİ MİLLİ MƏCLİSDƏ OLUB

04-02-2011 | 17:38        

  

Ölkəmizdə səfərdə olan Gürcüstan Universitetinin Himayədarlar  Şurasının sədri, Qafqaz Dostluq Evinin rəhbəri Giuli Alasaniya Milli Məclisdə olub.

Gürcüstan Universitetinin Himayədarlar Şurasının sədri Giuli Alasaniyanın başçılıq etdiyi nümayəndə heyətini salamlayan Milli Məclisin sədr müavini Bahar Muradova iki ölkə münasibətlərindən söz açdı. Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi, mədəni, humanitar əlaqələri yüksək qiymətləndirərək dedi ki, bu münasibət digər ölkələrə yaxşı nümunə ola bilər. Azərbaycan və Gürcüstan dost, strateji müttəfiq ölkələrdir və beynəlxalq qurumlarda da eyni mövqedən çıxış etməyimiz tərəflərə fayda verir. Vitse-spiker  qonaqlara Milli Məclisin fəaliyyəti, burada təmsil olunan qadın millət vəkilləri, qanun yaradıcılığı prosesi barədə geniş məlumat verdi. Giuli Alasaniyanın Gürcüstanda yaşayan soydaşlarımıza onların problemlərinin həlli istiqamətində yardımçı olacağına ümidvarlığını bildirdi. Qiuli Alasaniya Bakıya səfərindən məmnun qaldığını söyləyərək dedi ki, bizim xalqlarımızın tarixi dostluq münasibətləri var. Sevindirici haldır ki, bu ənənə ölkələrimiz arasında bütün sahələrdə yaxşı əməkdaşlıq qurulmasına təkan verir. “Biz hər zaman Azərbaycanın dəstəyini hiss edirik”, dedi. Qonaq Gürcüstan Universitetinin Himayədarlar Şurasının, Qafqaz Dostluq Evinin fəaliyyəti barədə geniş söz açdı.