İqtisadiyyat

Kulevi Neft Terminalında neftin idxalı və ixracı artıb

04-02-2011 | 13:42        

  

Bu ilin ilk ayında  Dövlət Neft Şirkətinə məxsus Kulevi Neft Terminalında qəbul edilən neft və neft məhsullarının həcmi ötən ilin dekabr ayına nisbətən 14 faiz artıb. Yanvarda xaricə avtomobil benzininin ixracı isə azalıb, əvəzində dizel və  təyyarə yanacağının ixracı artırılıb. Yanvar ayında 1 min 982 ton avtomobil benzini, 123 min 531 ton dizel yanacağı, 9 min 954 ton təyyarə yanacağı ixrac edilib. Bu haqda Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin yaydığı açıqlamada bildirilir. Dünya bazarında avtomobil benzininin qiymətinə gəlincə,  benzinin bir tonu  868,30 dollar, təyyarə yanacağının tonu  866,49 dollar, dizel yanacağının  tonu isə 798,6 dollar təşkil edib. Xam neftin ixracına gəlincə,  ötən ay Novorossiysk limanından 168 min 223 ton xam neft ixrac edilib. Yanvar ayında dünya bazarında Brent tipli xam neftin 1- bareli 96,54, Urals nefti – 93,72, BTC FOB Ceyhan tipli xam neftin 1- bareli isə 97,71 dollara satılıb. Qara dəniz sahilində yerləşən, Azərbaycan Dövlət Neft Şirkətinə məxsus  Kulevi Neft Terminalından isə  ötən ilin yanvarı ilə müqayisədə  daha çox miqdarda neft və neft məhsulları dünya bazarına  ötürülüb.  Terminalda  yanvar ayında 362 min 668 ton neft və neft məhsulları qəbul edilib və  terminal vasitəsi ilə 333 min 435 ton neft və neft məhsulu dünya bazarlarına göndərilib. Bununla da ötən ilin eyni dövrü ilə müqayisədə terminal vasitəsilə 131 faiz çox neft və neft məhsulu beynəlxalq bazarlara göndərilib.