Xarici xəbərlər

Kəskin hava şəraiti həyatı iflic edir

10-01-2011 | 15:56        

  

Amerika Birləşmiş Ştatlarının cənub hissələrində qeyri sabit hava şəraiti hökm sürür. Almaniyada isə bir qədər havaların isinməsi və yağışlar daşqınlara səbəb olub. Amerika Birləşmiş Ştatlarının meteoroloji xidmətinin yaydığı məlumata görə, güclü qar və buz yağışları şimal-şərq istiqamətinə doğru hərəkət edir. Qeyri sabit hava dalğası artıq Texas, Şimali və Cənubi Karolina ştatlarını cənginə alıb. Missisipi, Alabama, Corciya ştatlarında da güclü qar yağır. Ən acınacaqlı vəziyyət Missisipi və Luiziananın şimal bölgələrində müşahidə olunur. Luiziana və Alabama ştatlarında qeyri sabit hava səbəbindən fövqəladə vəziyyət elan olunub. Yollardan qarın və buzun təmizlənməsi üçün yerli hakimiyyət orqanları bütün xidmətləri səfərbər ediblər. Bəzi ştatlarda əhaliyə evlərini tərk etməmək tövsiyə olunub. Qeyri sabit hava səbəbindən əksər aeroportlarda vəziyyət gərginləşib. Corciya ştatının Atlanta aeroportunda yüzlərlə aviareys təxirə salınıb. Dallas aeroportunda isə 200 təyyarə mənzil başına gedə bilməyib. Delta aviaşirkəti 1730 aviareysi təxirə salıb. Almaniyanın bəzi bölgələrində isə yağış və qarın əriməsi səbəbindən çaylar məcrasından çıxıb. Çaylar məcrasından çıxaraq ətraf evləri su altında qoyub. Təbii fəlakət nəticəsində həlak olanlar var. Meteoroloqlar yaxın günlərdə vəziyyətin daha da pisləşəcəyini bildiriblər. Reyn və Mozel çaylarının qovuşmasında yerləşən Koblents şəhərində evlərin alt mərtəbələri və zirzəmilər tamamilə su altında qalıb. Kohem və Tselle şəhərlərində də yüzlərlə evin su altında qaldığı bildirilir. Kölndə Reyn çayının səviyyəsi 8,3 metrə çatır. Köln ətrafında sakinlər qayıqlarla hərəkət etmək məcburiyyətində qalıblar. Çayda gəmilərin hərəkəti tamamilə dayandırılıb. Köln ətrafında sakinlər qayıqlarla hərəkət etmək məcburiyyətində qalıblar. Kasselberq şəhərində də acınacaqlı vəziyyət yaranıb. Veymar şəhərində baş verən daşqınlar nəticəsində YUNESKO-nun siyahısına daxil olan park tamamilə su altında qalıb. Meteoroloqlar yağıntıların bir neçə gün davam edəcəyini bildiriblər.