Rəsmi xronika

Prezident İlham Əliyev yanvarın 21-də Gəncə şəhərinə gəlib

21-01-2012 | 19:52        

  

Prezident İlham Əliyev yanvarın 21-də Gəncə şəhərinə gəlib. 
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoyub.
Sonra Azərbaycan Prezidentinə Gəncə şəhərinin baş meydanında görülən işlər barədə məlumat verilib. 
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, son illər regionların inkişafı istiqamətində görülən işlər Gəncədə şəhər infrastrukturunun yenilənməsi, sosial və istehsal təyinatlı yeni müəssisələrin işə düşməsi ilə müşayiət olunmuşdur. Gəncənin inkişaf proqramı işlənib hazırlanmışdır və bu proqram hazırda uğurla icra edilir.
Prezident İlham Əliyevin dəfələrlə Gəncəyə etdiyi səfərlər şəhərin həyatında mühüm dəyişikliklərin əldə olunması ilə yadda qalmışdır. Dövlətimizin başçısı Gəncənin müasirləşdirilməsi istiqamətində işlər aparılarkən milli xüsusiyyətləri də unutmamağı tövsiyə edib. Gəncənin tarixi simasını və ənənəvi memarlıq üslubunu qoruyub saxlamaqla şəhəri müasirləşdirmək barədə qərar da Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun qəbul olunub. Bundan başqa, Prezident İlham Əliyevin tapşırığına əsasən Gəncənin memarlıq ansamblına şəhərin qədimliyini nəzərə çarpdıran monumentalizm ünsürlərinin əlavə edilməsi qərara alınıb. Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Gəncədə tarixi-memarlıq abidələrinin bərpası sahəsində böyük işlər görülüb.

 

 Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyası binasının təməlqoyma mərasimində iştirak edib. 
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar. 
Məlumat verilib ki, filarmoniyanın köhnə binası qəzalı vəziyyətdə olduğu üçün onun sökülməsinə, “Bakı” kinoteatrı və Uşaq Yaradıcılıq Mərkəzinin yerində isə yeni binanın tikilməsinə qərar verilib. Bir hektardan çox ərazidə tikiləcək altımərtəbəli yeni binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, 2 kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılacaqdır. Hündürlüyü 26 metrə yaxın olacaq binada restoran və kafelərin, o cümlədən 800 kvadratmetrlik yeraltı qarajın tikilməsi də nəzərdə tutulur. 
Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının təməlini qoyub. 
Dövlətimizin başçısı beton qarışığı tökən qurğunu işə salıb. 

 

 

Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində Cavad xan küçəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub.
Dövlətimizin başçısı küçənin əvvəlki görüntülərini əks etdirən stendlərə baxıb.
Məlumat verilib ki, uzunluğu 435 metr olan küçədə yerləşən binaların və digər tikililərin fasadlarında tarixi və müasir memarlıq elementləri vəhdət təşkil edir. Küçədə bərpa edilən binalar əsasən XIX əsrin ikinci yarısında tikilmiş tarixi binalardır. 
Prezident İlham Əliyev Cavad xan küçəsində Gəncənin mədəniyyət işçiləri ilə görüşüb. 

X X X

Cavad xan küçəsi ilə tanışlığı davam etdirən Prezident İlham Əliyevə məlumat verilib ki, Nizami Gəncəvinin mənsub olduğu Şeyxzamanovlar nəslinin yaşadığı ev də burada yerləşir. Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə “Azərbaycan” qəzetinin ilk nömrəsinin dərc olunduğu tarixi mətbəənin binası əvvəlki görkəminə qaytarılıb. AXC-nin qurucularından olan Xasməmmədov qardaşlarının yaşadığı ev, həmçinin 1899-cu ildə tikilən və alman mühəndisi Zingerin yaşadığı ev də Cavad xan küçəsinin tarixi tikililərindəndir. Qeyd edilib ki, küçədəki bütün tarixi binaların üzərinə lövhələr vurulub.
Dövlətimizin başçısı Gəncə sakinləri ilə görüşüb.
Prezident İlham ƏLİYEV: Çox sağ olun, mən sizi görülən bütün bu işlər münasibətilə təbrik edirəm. Şadam ki, qısa müddət ərzində Gəncədə çox böyük quruculuq işləri aparılıb. Gəncəyə daim böyük diqqət göstərilmişdir. Bu diqqət bu gün də vardır. Mən istəyirəm ki, hər bir şəhərdə belə gözəl işlər aparılsın. Bütövlükdə ölkəmizdə, hər bir yerdə çox sürətli və uğurlu inkışaf gedir. 
Mən həmişə deyirəm ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Belə getsə, Gəncə də ən gözəl şəhər olacaqdır və olmalıdır. Sağ olun.

 

Prezidenti İlham Əliyev “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı kompleksin maketinə baxdı. 
Məlumat verilib ki, “DET AL” alüminium kompleksinin ümumi ərazisi 74 hektardır. Burada birinci faza elektroliz, anod prosesləri, fasiləsiz metaltökmə və isti yayma zavodları, 110 kilovoltluq yarımstansiya, silisium düzləndirici yarımstansiya, elektroliz zavodunun idarəetmə mərkəzi, gil-torpaq qəbulu, quru qaztəmizləmə, kompressor sahələri, dövri su sistemləri və soyutma qüllələri, qazpaylayıcı stansiya, yanğınsöndürmə sistemləri, fülorid, anod və katod karbon bloku anbarları, inzibati bina və laboratoriya binası tikilmişdir. Bu obyektlərin ümumi sahəsi 57 min kvadratmetrdir. Kompleks daxilində uzunluğu 2,1 min metr olan dəmir yolu xətti çəkilmiş, 1200 metr uzunluğunda beton, 2 min metr uzunluğunda asfalt yollar salınmış, 74 hektar ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılmışdır. 
Qeyd edildi ki, 2008-ci ildə dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan kompleksdə məhsul istehsalı 3 zavodda sistemli şəkildə həyata keçirilir. Birinci mərhələdə yeni zavodda ildə 50 min ton ilkin alüminium istehsal edəcək 240 kiloamperlik 84 elektroliz təknəsi quraşdırılmışdır. Bu təknələrdə yüksək keyfiyyətli A-8, A-7E, A-7, A-6 markalı texniki baxımdan təmiz ilkin alüminium əldə edilir. Zavodda bişmiş anodlu təknələr qurulmuşdur. Burada müasir quru qaztəmizləmə sistemləri vasitəsilə atmosferə atılan tullantıların 98,5 faiz təmizlənməsi həyata keçirilir.
Gəncə “DET AL” alüminium kompleksinin işə başlaması nəticəsində birinci mərhələdə 640 nəfər işlə təmin ediləcəkdir. İşçilərin orta aylıq əməkhaqqı 450 manat olacaqdır. Prezident İlham Əliyev kompleksin elektroliz zavodunda istehsalatda istifadə olunan avadanlığa baxıb. Bildirilib ki, burada beynəlxalq standartlara cavab verən məhsullar hazırlanır. Zavodda istehsala başlanması və davamlılığın təmini üçün tələb olunan keyfiyyətdə xammalın tədarükü vacib məsələlərdən biridir. Bu məqsədlə Hollandiya, İndoneziya, Çin, Rusiya, Monqolustan, Latviya, Venesuela, Tacikistan kimi ölkələrdən 15 adda xammal gətirilmişdir. 
Prezident İlham Əliyev “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksi ilə bağlı stendlərə və videoçarxa baxıb. 
Sonra dövlətimizin başçısı zavodun mərkəzi idarəetmə ofisində oldu. Sonra Prezident İlham Əliyev kompleksin isti metaltökmə və fasiləsiz yayma zavoduna gəlib. Dövlətimizin başçısı zavodu işə salıb, istehsal prosesini izləyib.
Birinci mərhələdə 100 min ton ilkin alüminium istehsalı üçün tələb olunan bütün obyektlərin tikintisi başa çatdırılıb. İkinci mərhələdə 50 min ton alüminium istehsal edəcək 84 vannadan ibarət elektroliz korpusları, gil-torpaq qəbulu anbarının tikintisi nəzərdə tutulub. Alüminium sənayesinin inkişafı məqsədi ilə ölkəmizdə alüminium yarımfabrikat məhsullarının istehsalını nəzərdə tutan metalyayma layihəsi üçün dövlət tərəfindən 2010-cu ildə güzəştli kredit ayrılmışdır. Layihə çərçivəsində isti və soyuq metalyayma zavodlarının tikintisi, eləcə də boyama xəttinin qurulması nəzərdə tutulur. Layihənin illik məhsuldarlığı müxtəlif ölçüdə 35 min ton adi alüminium rulon və vərəqlərin istehsalı, 15 min ton məhsulun isə boyanmasından ibarətdir. Əraziyə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, poladtökmə zavodunun layihələndirmə işləri həyata keçirilmiş, dəmir filizini zənginləşdirmə, pelet və ardıcıl reduksiya zavodlarından ibarət olan “DET AL” inteqrallaşdırılmış polad layihəsinin inkişaf etdirilməsi istiqamətində layihələndirmə işləri yerinə yetirilib. 2016-cı ildə isə Gəncədə yeni polad zavodunun tikintisi başa çatdırılacaqdır. İstehsal olunan məhsullara beynəlxalq sertifikatlar alınacaqdır. 2012-2016-cı illərdə həyata keçirilən layihəyə 630 milyon dollar investisiya qoyulacaq, işçilərin sayı 3 min 800 nəfərə çatdırılacaqdır.

X X X

Prezident İlham Əliyev Gəncə ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşüb. 

Sonda xatirə şəkli çəkdirilib.

 

Prezident İlham Əliyev yanvarın 21-də Gəncədə dahi Nizaminin məqbərəsi ətrafında aparılan yenidənqurma işləri ilə tanış olub.
Dövlətimizin başçısı məqbərənin ətrafında görülən işlərlə bağlı stendlərə baxıb. Məlumat verilib ki, dahi Nizaminin vətəni olan Gəncədə böyük mütəfəkkirin məqbərəsinin yenidən qurulması son illərdə ölkəmizdə aparılan abadlıq-quruculuq işlərinin tərkib hissəsidir. Məqbərənin qarşısından keçən yolun hər iki tərəfindəki istinad divarları da yenidən qurulmuşdur. Burada 11 hektar ərazidə yaşıllıq zolaqları salınmış, dekorativ ağaclar əkilib. 
Azərbaycan Prezidentinin diqqətinə çatdırılıb ki, məqbərənin qarşısında dahi şairin muzeyinin tikilməsinə başlanıb. Tikintisində Azərbaycanın tarixi-memarlıq üslubuna daha geniş yer veriləcək ikimərtəbəli muzeyin ümumi sahəsi 540 kvadratmetr olacaqdır. Bu muzeyin tikilməsi Nizami Gəncəvinin həyat və yaradıcılığının öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addım olacaqdır.
Prezident İlham Əliyev Nizami Gəncəvinin məzarı üzərinə gül dəstəsi qoyub.
Dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. 
Prezident İlham Əliyevin ötən ilin dekabrında Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Məhz bu Sərəncam Nizami yaradıcılığının daha mükəmməl tədqiqinə stimul verərək şairin xatirəsinin əbədiləşdirilməsi istiqamətində də mühüm addımdır.

 

Prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində Nəriman Nərimanov parkının açılışında iştirak edib. 
Dövlətimizin başçısı parkın əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxıb, burada yaradılmış şəraitlə tanış olub.
Azərbaycan Prezidentinə məlumat verildi ki, ümumi sahəsi 4 min 823 kvadratmetr olan Nəriman Nərimanov parkında geniş tikinti-quruculuq və abadlıq işləri aparılıb, yeni fəvvarə inşa edilib. Gəncə sakinlərinin və şəhərə gələn qonaqların istirahəti üçün hər cür şəraitin yaradıldığı parkda görkəmli dövlət xadimi və mütəfəkkir Nəriman Nərimanovun büstü qoyulub. Gəncədə park və xiyabanların əsaslı təmiri və yenidən qurulması, o cümlədən Nəriman Nərimanov parkının gözoxşayan görkəmə qaytarılması bölgələrimizin inkişafı istiqamətində atılan mühüm addımlardan biridir. Parkın dizaynına özünəməxsus elementlər əlavə edilib, zövqlü formalarla zənginləşdirilib.
Parkda yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.

 

Prezidenti İlham Əliyev Gəncədə inşa olunan “Qala” kompleksinin tikinti işlərinin gedişi ilə tanış olub.
Dövlətimizin başçısı Gəncənin Bakıdan girişinin eskiz layihəsi ilə tanış olub. Məlumat verildi ki, inşasına ötən ilin aprelində başlanılan “Qala” kompleksi şəhərin girişində, Gəncə-Bakı magistral yolunun hər iki tərəfində tikilir. Yolun sağı və solu genişləndirilərək 22 metrə çatdırılıb. Qala divarının hər birinin uzunluğu 47, hündürlüyü 15 metr, qala qülləsinin hündürlüyü isə 22 metrdir. Yol boyu hər iki tərəfdə istinad divarları tikilir. Qalanın Gəncə qapılarının eni 5, hündürlüyü 7 metrdir. Yuxarı hissədə 6 metr diametrində Gəncənin gerbi və gerbin hər tərəfində tuncdan hazırlanmış şir heykəlləri qoyulacaqdır. 
Qeyd edilib ki, qalanın qarşısında “Xəmsə” bulağı inşa ediləcəkdir. Bundan başqa, “Qala” və Nizami Gəncəvinin məqbərə kompleksləri arasındakı 4,6 kilometrlik yol yenidən qurulur. Yol boyu Nizaminin “Xəmsə”sinə daxil olan əsərlərin adları həkk edilmiş 5 nəhəng kitab-abidə memarlıq elementi, habelə şairin ölməz qəhrəmanlarının obrazlarını canlandıran heykəllərin ucaldılması və fəvvarələrin tikilməsi nəzərdə tutulur. Yol boyu park zolağı salınacaq, 3 fəvvarə inşa ediləcəkdir. 
Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verd.b