İqtisadiyyat

TEHRANDA "ŞİMAL-CƏNUB" NƏQLİYYAT DƏHLİZİNƏ DAİR MÜZAKİRƏLƏR BAŞA ÇATIB

03-02-2011 | 12:43        

  

 İranın paytaxtı Tehranda "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində növbəti üçtərəfli görüş başa çatıb. Müzakirələrdə Azərbaycan, İran və Rusiya mütəxəssisləri iştirak edib.

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində Tehranda bir araya gələn Azərbaycan, İran və Rusiyadan olan mütəxəssislər İranın Rəşt və Astara şəhərlərindən Azərbaycanın Astara şəhərinə qədər dəmir yolu xəttinin tikintisi ilə bağlı müzakirələr aparıblar. Tədbirdə  ölkəmizi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Mütəxəssislər iki gün ərzində dəmiryolunun tikintisi ilə məşğul olacaq məhdud məsuliyyətli cəmiyyətin yaradılması və nizamnaməsinin təsdiqi, sözügedən dəmiryolunun istismarı, sərnişin və yük daşımaları  qaydalarının müəyyən edilməsi, texniki xidmətinin qaydalarının

formalaşdırılması və sair məsələləri müzakirə ediblər. Tərəflər dəmiryolu xəttinin tikintisi ilə bağlı məhdud məsuliyyətli cəmiyyətin yaradılmasına dair imzalanacaq memorandumun mətnini də razılaşdırıblar. Memorandumun fevralın birinci ongünlüyündə 3 ölkənin dəmiryolu təşkilatlarının rəhbərləri tərəfindən Tehranda imzalanacağı gözlənilir.