Xarici xəbərlər

İranda təyyarə qəzasında 72 nəfər həlak olub

10-01-2011 | 15:36        

  

 

İranın şimal-qərbində, Urmiyyə şəhərindən 15 kilometr aralıda təyyarə qəzası baş verib. Tehrandan Urmiyyəyə uçan İran hava yollarına məxsus Boinq-727 təyyarəsində 106 nəfər olub.  İran hava yollarına məxsus Boinq-727 təyyarəsinin qəzaya uğraması nəticəsində 72 nəfər həlak olub, 30-dan çox sərnişin yaralanıb. Həlak olanlar arasında azyaşlı uşaqlar da var. Yaralıların çoxunun vəziyyətinin ağır olduğu bildirilir. Hava layneri Urmiya hava limanına enmək istəsə də, qarlı və dumanlı hava səbəbindən bu mümkün olmayıb. Bir dövrə vurduqdan sonra, ikinci dəfə enməyə çalışan təyyarə yerə çırpılıb. Hazırda qəza yerində axtarış işləri davam etdirilir. Artıq təyyarənin qara qutularından biri tapılıb və ekspertlər qara qutudakı yazıları yoxlayır. Dispetçer xidməti isə qəzadan əvvəl pilotların nasazlıq barədə heç bir xəbər vermədiyini bildirib. İlkin fərziyyələrə görə, qəzaya qeyri sabit hava şəraiti səbəb olub. Hadisə ilə bağlı İran prezidenti Mahmud Əhmədinejat qəzada həlak olanların yaxınlarına baş sağlığı verərək, yaralılara şəfa diləyib. Ölkə başçısı bütün xidmətlərə xüsusi tapşırıq verərək, ətraflı təhqiqat apararaq, qəzanın səbəblərinin araşdırılmasını tapşırıb. İranın nəqliyyat naziri qəza yerində olub. Onu da deyək ki, Tehrandan Urmiyyəyə uçmazdan əvvəl təyyarə qeyri sabit hava səbəbindən, iki saat gec qalxıb.