Xarici xəbərlər

Ermənistanda sosial partlayış qaçılmazdır

01-02-2011 | 18:05        

  

Ermənistanda iqtisadi böhran sosial partlayışa səbəb ola bilər. Ölkə əhalisinin əsas narazılığı isə insan haqlarının pozulması, yoxsulluq səviyyəsinin artması və işsizlik problemi ilə bağlıdır. Ermənistanda Daşnaksutyun partiyasından olan deputat Lilit Qalstyan ölkədə insan hüquqlarının müdafiəsi ilə bağlı vəziyyəti kəskin tənqid edib. O bildirib ki, hakimiyyət insan hüquqlarının müdafiəsinə dair konsepsiyanın yaradılmasına nail ola bilməyib. Qalstyan Ermənistanın məhv olmaq təhlükəsi ilə üzləşdiyini də deyib. Çünki hakimiyyət qiymətlərin tənzimlənməsi də daxil olmaqla bir çox vacib problemlərin öhdəsindən gələ bilmir. Sosial problemlər arasında yoxsulluq səviyyəsinin yüksək olması da göstərilir. Hazırda Ermənistanda yoxsulluğun səviyyəsi 35% təşkil edir, ölkədə kütləvi işsizlik problemi var. Rəsmi məlumatlara görə, sosial çətinlik ucbatından Ermənistandan 60 min nəfər başqa ölkəyə köçüb. Ölkəni tərk edənlərin əsas səbəbi isə məhz Ermənistanda iş yerlərinin olmaması ilə bağlıdır. Ölkədə sosial narazılıq artır, bu isə sosial zəmində qarşıdurmalar üçün əsas yaradır. Xalq partiyasının lideri Tiqran Karapetyanın təşkil etdiyi nümayişləri şərh edən deputat çox sayda ölkə vətəndaşının bu aksiyalarda iştirakını əhalinin sosial, siyasi və iqtisadi vəziyyətə etirazı kimi izah edib. Onun fikrincə, bugünkü Ermənistanın heç bir perspektivi yoxdur. Bu arada Ermənistanda yaşanan problemlərin üstünə daha biri də əlavə olunub. İrəvan meriyasının küçə ticarətinə qadağa qoyması çətin vəziyyətdə olan əhalinin hazırkı rejimin yürütdüyü siyasətə etirazını daha da artırıb. Əhali çıxılmaz vəziyyətdə olduğundan küçə ticarətinə üz tutur. Bildirilir ki, Ermənistanda rəsmən 70 min işsiz qeydə alınıb, amma bu göstərici real vəziyyəti əks etdirmir.