Siyasət

Milli Məclisin yaz sessiyası başlayıb

01-02-2011 | 16:44        

  

4-cü çağırış Milli Məclisin ilk yaz sessiyası işə başlayıb. İlk iclasda yaz sessiyasında görüləcək işlərin planı təsdiqlənib.

4-cü çağırış Milli Məclisin ilk yaz sessiyası dövlət himninin səslənməsi ilə başlayıb. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov yaz sessiyasında millət vəkillərinə uğurlu fəaliyyət arzulayıb. Bildirib ki, ötən sessiyada 4-cü çağırış Milli Məclisin 4 iclası keçirilib, 44 qanun və qərar qəbul olunub. Parlament dövlət başçısının həyata keçirdiyi quruculuq işlərini fəal dəstəkləyib. Milli Məclis dövlət başçısının uzaqgörən siyasəti nəticəsində əldə olunan uğurları bundan sonra dəstəkləyəcək və reallaşdırılan islahatlar, demokratikləşmə prosesində qanunvericilik bazasının daha da möhkəmləndirilməsi və təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atacaq. Cari məsələlərin müzakirəsinə keçməzdən əvvəl Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov millət vəkillərinin qurumun qış sessiyasındakı fəaliyyəti barədə geniş məlumat verərək deyib ki, bu dəfə də parlamentarlarımız ölkəmizi yüksək səviyyədə təmsil edib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Alt Komitənin fəaliyyətinin bərpa olunmasını mühüm addımlardan biri kimi dəyərləndirən millət vəkili deyib ki, aprel ayında alt komitə daha aktiv fəaliyyətə başlayacaq. Cari məsələlərlə bağlı millət vəkilləri fikirlərini bildirdikdən sonra yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunub. Qeyd olunub ki, qanunvericilik işləri planına ölkənin hüquqi bazasının daha möhkəmləndirilməsi və təkmilləşdirilməsi istiqamətində çoxsaylı yeni qanun layihələrinin hazırlanması daxil edilib.  Amma bununla yanaşı “Siyasi partiyalar”, “Ümummilli lider Heydər Əliyev irsinin hüquqi qorunması barədə”, “İşğal olunmuş ərazilərin hüquqi statusu”, “Eks prezidentlər”, “İctimai yerlərdə siqaretdən istifadənin məhdudlaşdırılması”, “Soy ad sonluqları”, “Ərzaq təhlükəsizliyi”, “Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının tanınması”, “Ticarət” haqqında yeni qanun layihələrinin hazırlanıb, qəbul olunması, həmçinin bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi vacib sayılıb. Yaz sessiyasının qanunvericilik işləri planına əsasən parlamentdə Tikinti, Şəhərsalma, Rəqabət, Gömrük məcəllələrinin, “Elm siyasəti”, “Ali təhsil”, “Sosial xidmət”, “Pasientin hüquqları”, “Hərbi vəzifə və hərbi xidmət” haqqında və daha bir neçə yeni qanun layihələri hazırlanacaq. Müzakirələrdən sonra işlər planı səsə qoyulub və təsdiqlənib.