Cəmiyyət

“Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız” mövzusunda konfrans keçirilib

09-12-2011 | 15:54        

  

Mətbuat Şurası görkəmli jurnalist, alim və ictimai xadim, professor Nəsir İmanquliyevin 100 illik yubileyi ilə bağlı “Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız” mövzusunda konfrans keçirib. Böyük alim və jurnalistin zəngin yaradıcılığının əhəmiyyəti vurğulanıb, onunla bağlı xatirələr söylənilib.  “Nəsir İmanquliyev Azərbaycan jurnalistika tarixində mövqeyi və rolu olan şəxsiyyət idi. Onun rəhbərlik etdiyi qəzetlər digər nəşrlərə də daim örnək olub”. Bu sözləri Mətbuat Şurası sədri Əflatun Amaşov deyib. “Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız” mövzusundakı konfransın əhəmiyyətini qeyd edən Əflatun Amaşovun sözlərinə görə, professor Nəsir İmanquliyev bütün həyatını Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib. Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyev konfransın Nəsir İmanquliyev irsinin öyrənilməsi ilə yanaşı, həm də Azərbaycan jurnalistika tarixinə nəzər salmaq baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Çıxışlarda Nəsir İmanquliyevin mənalı ömür yolu, səmərəli elmi, pedaqoji fəaliyyəti, mətbuatımızın inkişafındakı xidmətlərindən söhbət açılıb, əməkdar jurnalistin irsinin müasir nəsil üçün örnək olan məqamları ətrafında fikir mübadiləsi aparılıb.  Nəsir İmanquliyev 1942-ci ildə siyasi işçi kimi Böyük Vətən müharibəsinin Krım cəbhəsinə göndərilib. Burada o, “Döyüşən Krım” qəzetində fəaliyyət göstərib. Sonra arxa cəbhəyə göndərilən Nəsir İmanquliyev “Kommunist” qəzetində məsul katib işləyib və vətənpərvər ruhlu çoxsaylı yazılar yazıb. 1947-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Nəsir İmanquliyev eyni zamanda universitetin filologiya fakültəsində təhsilini davam etdirib. O, ötən əsrdə mətbuat tarixində böyük rol oynamış “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və baş redaktoru olub. O da qeyd edilib ki, 87 il ömür sürmüş professor Nəsir İmanquliyev həyatını azərbaycançılıq ideologiyasının təbliğinə, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar kadrların hazırlanmasına həsr edib.