Xarici xəbərlər

Bəzi ölkələrdə qeyri-sabit hava şəraiti hökm sürür

01-02-2011 | 12:17        

  

Amerika Birləşmiş Ştatlarında güclü qar və buz yağışı fəsadlara səbəb olub.ABŞ-ın 20-ə yaxın ştatında güclü qar və şaxtalar həyatı iflic edib. Meteorologiya xidmətinin yaydığı məlumata görə, ölkənin cənub bölgələrində leysan və tornado gözlənilir. Missuri ştatında yağan buz yağışının qarla əvəz olunacağı proqnozlaşdırılır. Ştatın qubernatoru Cey Nikson fövqəladə vəziyyət elan edib. Soyuq hava kütləsi Çikaqoya yaxınlaşır. Sinoptiklərin proqnozlarına görə, burada 60 santimetr qar düşəcək. Soyuq hava kütləsinin sərhədi Vermontdan Nyu Meksiko ştatına qədər uzanır. Qar sürəti saatda 40-65 kilometrə çatan küləklə müşaiyət olunur. Bəzi ştatlarda isə gecə saatlarında havanın temperaturu mənfi 36 dərəcəyədək enib. Missuri, Viskonsin, Cənubi Dakota və Minnesotda yollar artıq buz bağlayıb. Yollarda onlarla avtoqəzanın baş verdiyi bildirilir. Nyu York və ətraf rayonlarında da qar fırtınası barədə xəbərdarlıq yayılıb. Yaponiyanın Honsü adasına da güclü qar yağıb. Adanın şimal-qərb rayonlarında qar səbəbindən dəmiryolunda hərəkət tamamilə dayandırılıb. Minlərlə insan qatarlarda qarın əsirinə çevrilib. Yerli hakimiyyət orqanları yaşayış məntəqələrini və yolları qardan təmizləmək üçün bütün qüvvələrini səfərbər ediblər. Yolların qardan təmizlənməsinə hərbçilər və ağır texnika da cəlb olunub. Avstraliyanın Kvinslənd ştatında isə “Yasi” tropik qasırğası tüğyan edir. Ştat rəhbərliyi təhlükəli ərazilərdən əhalinin köçürülməsinə başlayıb. Meteoroloqların məlumatına görə, qasırğanın episentrində küləyin sürəti saatda 250 kilometrə çatır. “Yasi” qasırğasının daşqınlara və torpaq sürüşmələrinə səbəb olacağı bildirilir.   

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR