Cəmiyyət

Azərbaycanın görkəmli din xadimi Axund Ağa Əlizadənin anadan olmasının 140 illiyi qeyd olunub

02-12-2011 | 16:36        

  

Azərbaycanın görkəmli din xadimi, Qafqaz Müsəlmanlarının 8-ci Şeyxülislamı, Axund Ağa Cavad oğlu Əlizadənin anadan olmasının 140 illiyinə həsr olunan elmi-nəzəri konfrans keçirilib. Konfrans Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

 “Cümhuriyyətin və sovet dövrünün şeyxülislamı” adlı konfransda əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin VIII şeyxülislamı, Axund Ağa Əlizadənin 1944-cü il mayın 25-də “Təzəpir” məscidində Zaqafqaziya Müsəlmanlarının I Qurultayının açılışındakı çıxışından bir hissə nümayiş etdirilib. MEA-nın prezidenti Mahmud Kərimov tədbiri açaraq Ağa Cavad oğlu Əlizadənin ömür yolu və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Ağa Əlizadə Azərbaycanda Şeyxülislamlıq tarixində mühüm xidməti olan böyük bir şəxs idi. Məhz o dini elmlərlə yanaşı, riyaziyyat, astronomiya, təbabət, tarix və ədəbiyyatı mütaliə edir, əsrin əvvəllərində Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda baş verən siyasi hadisələri layiqincə qiymətləndirə bilirib. QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə də  Ağa Əlizadənin fəaliyyətini yüksək dəyərləndirib. Deyib ki, Seyxülislam Ağa Əlizadə 1954-cü ilin dekabrında dünyasını dəyişib və  57 ildir ki, o aramızda yoxdur. Ancaq Onun xeyirxah əməlləri heç vaxt unudulmur və yaddan çıxmır. QMİ Elmi-Dini Şurasının sədri Vasim Məmmədəliyev də bildirib ki, Ağa Əlizadə o dövrdə islam elmlərinin ən gözəl bilicilərindən biri hesab olunub. Şeyxülislamın nəvəsi, MEA-nın vitse-prezidenti Akif Əlizadə isə babasının 140 illik yubileyinin yüksək səviyyədə keçirilməsini  ölkə rəhbərliyi tərəfindən  dini dəyərlərə göstərilən qayğının nümunəsi kimi qiymətləndirib. Daha sonra çıxış edən millət vəkilləri Rəbiyyət Aslanova, Fəttah Heydərov da Ağa Əlizadənin Azərbaycanın ən parlaq din xadimlərindən biri olduğunu deyiblər. Qeyd olunub ki, onun Qafqazın islam tarixindəki fəaliyyəti heç bir zaman unudulmayacaq.