İqtisadiyyat

Albaniya sularında TAP-ın dəniz borularının inşası yekunlaşıb

07-06-2019 | 12:50        

  

Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) boru kəmərinin inşası çərçivəsində Albaniya sularında dəniz borularının tikintisi başa çatıb.

Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, TAP-ın Albaniyada dəniz borularının qaynağı tamamlanıb.

Qeyd edək ki, TAP-ın dəniz hissəsinin mühəndislik, təchizat, tikinti və quraşdırma (EPCI) üzrə podratçısı İtaliyanın “Saipem” şirkəti bu əməliyyatlar üçün “Castoro 10” gəmisindən istifadə edib. Polad borular sahilə 1,4 kilometr məsafədəki gəmidə qaynaqlanıb. Daha sonra sınaqlar aparılıb və borular dənizin dibinə endirilib. 1,8 kilometrlik ilk borular Fier (Albaniya) yaxınlığında sahilə çıxıb.

Uzunluğu 139 metr və eni 36 metr olan “Castoro 10” gəmisi boruları Albaniyanın dayaz sularında döşəyib edir, bunun ardından fiber-optik kabelin çəkilişi də həyata keçirilib.

TAP ötən ilin oktyabrında boru kəmərinin dəniz hissəsinin tikintisi işlərinə başlayıb. Boru kəmərinin dəniz hissəsi Albaniya və İtaliya sahillərini bir-birinə birləşdirəcək və uzunluğu 105 kilometr olacaq. Adriatik dənizində boruların 37 kilometri Albaniya, 25 kilometri İtaliya, 43 kilometri isə beynəlxalq sularda döşənəcək. Boru kəməri dənizin 810 metrdən də çox dərinlikdəki hissəsindən keçəcək. 36 düymlük xəttin inşasında ümumilikdə 100 min ton ağırlığında təxminən 9 min boru istifadə olunacaq. “Saipem” dənizdəki tikinti işləri üçün təqribən 10 gəmidən istifadə edəcək. Boru kəmərinin Adriatik dənizindən keçəcək hissəsində ümumi tikinti işlərinin 20 faizədək icra olunub.

TAP layihəsi qrafik üzrə davam edir. Layihə üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 87 faizi icra olunub. Hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa edilir.

TAP-ın Yunanıstandan keçən 550 kilometrlik hissəsində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bu ölkədə boruların 547 kilometri qaynaq edilib. 535 kilometr boru torpağa basdırılıb. Boru kəmərinin Albaniyadan keçən 215 kilometrlik hissəsində də ərazi təmizlənib və qiymətləndirilib. Boruların 214 kilometri qaynaqlanıb və 177 kilometr ərazi isə tamamilə əvvəlki vəziyyətinə gətirilib. TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 98 faizi torpağa basdırılıb.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşasına 2017-ci ilin birinci yarısında başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Kompressor və ölçmə stansiyalarının tikintisinin 85 faizdən çoxu tamamlanıb. Kipoidə boruların tədarükü tamamlanıb və boruların 90 faizdən çoxu qurulub. Suyun dayanıqlılıq sınaqları isə qrafik üzrə irəliləyir. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən 2 il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. Təxminən 6 ay müddətində aparılacaq bu əhatəli yoxlamalar yeni qurğuların tam işlək, eləcə də təbii qazın nəqli üçün təhlükəsiz və hazır olub-olmadığını göstərəcək. Lazımi turbo kompressorlar isə “Siemens” şirkəti tərəfindən istehsal edilib.

İtaliyada mikrotunelin tikintisi üzrə hazırlıq işləri davam etməkdədir. Hazırda boru kəmərinin qəbulu terminalında, mikrotunel sahəsində və dənizə çıxış hissəsində işlər görülür.

Xatırladaq ki, layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. TAP-la Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.

Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.06.2019) :
Aydın Gecə : +21+23 | Gündüz: +29+31
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR