Mədəniyyət

"LiFFt" festivallar festivalı 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə edir

27-05-2019 | 15:00        

  

Bakıda Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” Festivalı keçiriləcək. Sentyabrın 30-dan oktyabrın 3-dək baş tutacaq Bakı Festivalında materikin 52 ölkəsindən 150 yazıçı iştirak edəcək. Heydər Əliyev Mərkəzində keçirilən mətbuat konfransında bu barədə məlumat verilib.

Təşkilatçıları Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının “LiFFt” Beynəlxalq Humanitar Fondu olan festivalın Azərbaycan tərəfdən həmtəşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Bakı Kitab Mərkəzidir. Festival BMT-nin himayəsi altında, YUNİSEF-in dəstəyi ilə keçirilir. “LiFFt”in təşkilat komitəsinin sədri Marqarita Al çıxışında bildirib ki, Bakıda keçiriləcək tədbirin festivalın tarixində ən parlaq səhifələrdən biri olacağına inanır. Marqarita Al 2019-cu ilin dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə «Nəsimi ili» elan edilməsi şərəfinə təşkilat komitəsinin də bu festivalı İmadəddin Nəsiminin adı ilə bağlanması barədə qərar qəbul etdiyini vurğulayıb. 

Almaniyalı fotoqraf və rəssam Aleksandr Aleksander isə festival çərçivəsində keçiriləcək sərgilər barədə məlumat verib, Avropanın əlamətdar mədəniyyət hadisələrindən sayılan “Perqamon qurbangahının ikinci həyatı” sərgisindən danışıb. “LiFFt” festivalının ötənilki qalibi, layihənin hazırkı baş koordinatoru Varis Yolçiyev tədbirin keçirilmə qaydaları və seçim turlarının şərtləri barədə məlumat verib.

Festivalın Azərbaycan üzrə koordinatoru  Nigar Həsənzadə isə dedi ki, Azərbaycan üzrə festivalın fəxri spikerləri Anar Rzayev, Elçin Əfəndiyev, Kamal Abdulla, Ramiz Fətəliyev, Nizami Cəfərov, Çingiz Abdullayev və Afaq Məsud olacaq.

Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva ölkədə ədəbiyyatın inkişafı istiqamətində görülən işlərdən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin ədəbiyyatın təbliği istiqamətindəki layihələrindən danışıb. Həmçinin festival günlərində Bakı Kitab Mərkəzində həyata keçiriləcək layihələr haqqında məlumat verib.

2018-ci ildə Rusiya Federasiyasının Soçi şəhərində keçirilən 3-cü Avrasiya materikinin «LiFFt» Festivallar Festivalının qalibi 27 ölkənin 170 yazıçısı arasında Azərbaycan yazıçısı Varis Yolçiyev olub. Qaydalara uyğun olaraq, növbəti festival qalibin vətənində təşkil olunduğundan, bu il tədbirə Bakı evsahibliyi edəcək.