Rəsmi xronika

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

27-05-2019 | 10:48        

  

Prezident İlham Əliyev mayın 27-də paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılan abidəni ziyarət edib.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına böyük və tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də Tiflis şəhərində qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi və onu heç vaxt ölməyə qoymadı. XX əsrin sonunda yenidən müstəqlilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılan abidəni ziyarət etdi. Azərbaycan Respublikasının dövlət himni səsləndi. Beləliklə, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 20-ci əsrin sonunda yenidən öz istiqlalına qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoydu. Bu şərəfli tarixi - mayın 28-ni isə xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün - Respublika Günü kimi qeyd edir.