Siyasət

28 May - Respublika Günü və diplomatik xidmət orqanlarının 100 illiyi Los-Ancelesdə qeyd olunub

27-05-2019 | 10:46        

  

ABŞ-ın Los-Anceles şəhərində Azərbaycanın Respublika Gününə və diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş geniş tədbir keçirilib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Baş Konsulluğun təşkilatçılığı ilə keçirilən tədbirdə 400-dən çox qonaq, o cümlədən Kaliforniya ştat rəsmiləri, Dövlət Departamentinin nümayəndələri, müxtəlif xarici ölkələrin baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, azərbaycanlılar, həmçinin dost türk, yəhudi, Pakistan, İran, Koreya, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.

Tədbir Azərbaycanın və ABŞ-ın dövlət himnlərinin ifası ilə başlayıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu, Los-Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev 101 il əvvəl Azərbaycan xalqının tariximizin ilk respublikası olan Azərbaycan Demokratik Respublikasını (ADR) qurduğunu və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib. O, həmçinin bu il Azərbaycan diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyinin də qeyd olunduğunu bildirərək, 1919-cu ildə Paris Sülh Konfransında iştirak edən ADR nümayəndə heyətinin ABŞ Prezidenti Vudro Vilson ilə görüşdüyünü diqqətə çatdırıb. Baş konsul bu gün Azərbaycan-ABŞ əlaqələrinin ortaq dəyərlərə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

N.Ağayev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə də danışıb. Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verən baş konsul bu gün Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Azərbaycanın regionun ən güclü iqtisadiyyata malik dövlətinə çevrildiyini, qlobal önəmə malik enerji və nəqliyyat layihələri həyata keçirdiyini diqqətə çatdırıb.

Sonra çıxış edən Los-Anceles vilayətinin Protokol xidmətinin rəhbəri Lurdes Saab tədbirdə iştirakından məmnunluq duyduğunu bildirərək, Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını bu gözəl gün münasibətilə təbrik edib. O, Los-Anceles vilayətinin Nəzarətçilər Şurası tərəfindən imzalanmış təbrik bəyannaməsini baş konsul N.Ağayevə təqdim edib. Eyni zamanda, Los-Anceles şəhərinin meri Erik Qarsettinin də imzaladığı təbriknamə təqdim olunub.

Qeyd olunub ki, Baş Konsulluğun səyləri nəticəsində Kaliforniyanın San-Dieqo və Örvayn şəhərləri, eləcə də Nyu-Meksika ştatının Santa Fe və Albukerke şəhərlərində 28 may Azərbaycan Mili Günü elan olunub.

Tədbir məşhur “America’s Got Talent” şousunun azərbaycanlı finalçısı, tanınmış akrobat Üzeyir Novruzovun ifası və rəqs ustaları Ramin Eldarov və Ləman Musayevanın ifalarında Azərbaycan rəqsləri ilə davam edib. Qonaqlar, həmçinin Azərbaycan mətbəxinin ləziz təamları ilə tanış olublar.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR