Cəmiyyət

IDEA İctimai Birliyinin “Şəhər ekologiyası” layihəsi davam edir

25-05-2019 | 10:42        

  

Layihə çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə sincablar üçün əlverişli yaşam şəraitinin olduğu ADA Universitetinin kampusu ərazisinə ilkin olaraq 25 sincab buraxılıb.

“Şəhər ekologiyası” layihəsi şəhər mühitinə xas olan və keçmişdə geniş yayılan fauna növlərinin qorunması və qaytarılmasına yönəlib. Sincabların məhz bu əraziyə buraxılmasında məqsəd onların şam ağaclarının çoxluq təşkil etdiyi yeni Zooloji Parkın ərazisinə və Dədə Qorqud parkına keçərək təbii şəkildə çoxalmasıdır. Bütün bu səylərin əsas məqsədi şəhərdə yaşayan insanlarla ətraf mühit arasında ahəngliyin yaradılmasından, daha sıx və sağlam əlaqənin möhkəmləndirilməsindən ibarətdir. IDEA İctimai Birliyi hər kəsi şəhər mühitində yaşaya bilən fauna növlərimizin saylarını bərpa etmək prosesinə dəstək, heyvanlara qarşı qayğıkeş olmağa, onlara yeni yaşam mühitlərinə adaptasiya dövründə həssaslıqla yanaşmağa çağırır. Vəhşi təbiətin qorunub saxlanması üzrə çoxşaxəli səylərlə yanaşı, Leyla Əliyevanın təşəbbüsü ilə şəhər mühitinə aid olan növlərin mühafizəsi istiqamətində də geniş tədbirlər həyata keçirilir. Bu xüsusda, Bakıda küçə heyvanlarının qorunmasına yönəlmiş IDEA Heyvanlara Qayğı Mərkəzi fəaliyyət göstərir, şəhər boyu pişiklər üçün xüsusi evciklər qurulur, IDEA quş yuvaları asılır və digər bir sıra işlər aparılır. Keçmişdə Bakı şəhəri mühitində çoxsaylı sincab və tutuquşular məskunlaşmışdı ki, onlar parklarda və yaşıllıqlar mövcud olan digər ərazilərdə insanlar arasında sərbəst dolaşırdılar. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalmışdı. Son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, xüsusən də IDEA İctimai Birliyinin səyləri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması və saysız-hesabsız yeni ağacların əkilməsi nəticəsində şəhərdə bir çox fauna növlərinin qaytarılması üçün münbit şərait yaradılıb.