Siyasət

Misirdə vəziyyət daha da gərginləşib

31-01-2011 | 18:41        

  

Misirdə  vəziyyət daha da gərginləşib. İğtişaşlar zamanı həlak olanların sayı 170 nəfərə yaxınlaşır. Prezident İlham Əliyevin tapşırığı ilə bu ölkədə yaşayan Azərbaycanlılar xüsusi təyyarə reysi ilə Misirdən çıxarılıb. Evakuasiya olunanlar arasında Azərbaycan Televiziyasının Ərəb Ölkələri və Şimali Afrika bürosunun əməkdaşları da olub.

 Misirdə hakimiyyət əleyhinə baş qaldırmış iğtişaşlar daha da şiddətlənib. Hadisələr zamanı həlak olanların sayı artmaqdadır. Qahirə, İsgəndəriyyə, Suveyş kimi böyük şəhərlərin xəstəxanalarında  üç minə yaxın yaralının olduğu haqqında məlumat verilir. Paytaxt Qahirədə bir sıra yaşayış məntəqələrinin ordunun və polisin nəzarətindən çıxdığı bildirilir.

Ağayev Elzar  Azərbaycan Televiziyasının ərəb ölkələri və şimali Afrika bürosunun rəhbəri: “Hazırda nümayişlərlə yanaşı talançılıq və quldurluq əhali üçün təhlükəyə çevrilib. Xüsusilə xarici vətəndaşları Bu təhlükə gözləyir. Biz orda, son bir neçə gündə dəfələrlə əcnəbi vətəndaşların evlərinin, ofislərinin talan olunduğunu, onlara fiziki zərər verildiyinin şahidi olduq. Belə bir şəraitdə Prezident İlham Əliyev, həmvətənlərimizin Misirdən evakuasiyası ilə bağlı  xüsusi tapşırıq verdi. Zaman göstərdi ki, bu qərar  həmvətənlərimizin təhlükəsizliyi baxımından vaxtında və yerində verilmiş qərar idi. Azərbaycan vətəndaşlarını aparan avtobus Qahirə beynəlxalq hava limanına daxil olduqdan cəmi bir-neçə saat sonra hava limanına aparan yol hərbçilər tərəfindən bağlanıb”.

Prezident İlham Əliyevin müvafiq tapşırığından sonra Azərbaycanın Qahirədəki səfrilyində qaynar xətt yaradılıb. Misirin müxtəlif şəhərlərində yaşayan həmvətənlərimizə evakuasiya haqqında məlumat verilib. Universitetlərdə təhsil alan Azərbaycanlı tələbələr Səfirliyə çağırılıb.

Ağayev Elzar  Azərbaycan Televiziyasının ərəb ölkələri və şimali Afrika bürosunun rəhbəri:

“Ötən gün səhər saatlarından İsgəndəriyyədə, Luksorda və digər böyük şəhərlərdə yaşayan və Misirdən çıxmaq istəyən azərbaycanlılar səfirliyə gətirildi və sonra da operativ olaraq hava limanına çatdırıldı.  Artıq Aeroportda bizi Dövlət başçısının xüsusi tapşırığı ilə Qahirəyə göndərilmiş təyyarə gözləyirdi. 103 nəfər Azərbaycanlı bu təyyarə ilə bu gün səhər saatlarında Bakıya gətirildi. Onu da qeyd edim ki, Dövlət başçısının bu qayğısı heç də yalnız Azərbaycan vətəndaşlarına aid deyildi. Hətta Misirdə istirahətdə olan və gözlənilmədən hadisələrin içinə düşən bir-neçə Azərbaycan əsilli Rusiya vətəndaşı da həmin təyyarə ilə Bakıya gətirildi. Eyni zamanda Səfirliyimizin həlak olmuş əməkdaşı Nicat Qocayevin cənazəsi də bu təyyarədə Bakıya çatdırıldı”. Evakuasiya könüllü aparıldığından bir-neçə Azərbaycanlı tələbə hələ də Misirdədir. Azərbaycanın Misirdəki səfirliyinin Qahirədə olan bəzi  əməkdaşları isə bu şəxslərlə mütəmadi əlaqə saxlayır. Zərurət yaranarsa qalan həmvətənlərimiz də təhlükəsiz şəkildə Misirdən evakuasiya ediləcək.

Prezident İlham Əliyevin tapşırığına əsasən Misirdə yaşayan azərbaycanlılar xüsusi təyyarə reysi ilə vətənə gətirilib

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR