Bölgələr

Şəkidə I Beynəlxalq Keramika Simpoziumu işə başlayıb

22-05-2019 | 08:47        

  

Keramika sənəti ilə tanınan qədim Şəkidə “Təbiətdən tarixə” adlı I Beynəlxalq Keramika Simpoziumu işə başlayıb. Tədbir iyunun 2-dək davam edəcək.

“ABAD” publik hüquqi şəxsin təşəbbüsü ilə təşkil olunan beynəlxalq simpoziumun keçirilməsində əsas məqsəd müxtəlif ölkələrdən olan keramika ustaları ilə təcrübə mübadiləsi aparmaq, iştirakçıları və ziyarətçiləri keramika sənətinin müasir meylləri ilə tanış etməkdir.

Mayın 21-də Şəki şəhərindəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində I Beynəlxalq Keramika Simpoziumunun açılış mərasimi olub. Tədbirdə şəhər rəhbərliyi, “ABAD” publik hüquqi şəxsin rəsmiləri, keramika ustaları və sənətsevərlər iştirak ediblər.

Tədbirin açılışında bildirilib ki, beynəlxalq simpozium Şəkini dünyaya tanıtmaqla yanaşı, sənətin və sənətkarlığın inkişafında yeni bir mərhələnin başlanmasına səbəb olacaq.

Vurğulanıb ki, ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğinə böyük diqqət göstərilir. Prezident İlham Əliyevin, həmçinin birinci xanım, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədəki fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Dövlətimizin başçısının Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı imzaladığı sərəncamlar turizmin inkişafında yeni mərhələnin başlanmasına güclü təkan verib. Birinci xanımın təşəbbüsü ilə “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi istiqamətində işlər isə artıq yekunlaşmaq üzrədir.

Diqqətə çatdırılıb ki, Şəki şəhəri 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı seçilib, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub, 2017-ci ildə isə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Şəki, eyni zamanda, Dünya Tarixi Şəhərlər Liqasının üzvüdür. Şəhərin tarixi hissəsində yerləşən mədəni irsin qorunub saxlanması məqsədilə 1967-ci ildə “Yuxarı Baş” Dövlət Tarix Memarlıq Qoruğu yaradılıb. 283 hektar ərazini əhatə edən qoruqda dünya və ölkə əhəmiyyətli bir çox abidələr bu günə qədər qorunub saxlanılıb. Şəki şəhəri və rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş 84 tarix və memarlıq abidəsi var. Eramızın I əsrinə aid olan Kiş Alban məbədi və XVIII əsrə aid Şəki xanlarının sarayı dünya əhəmiyyətli abidələr siyahısına daxildir.

Qeyd edilib ki, Şəki, həm də sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biridir. Hazırda Şəkidə xalq tətbiqi sənətinin 18 növü üzrə 200-dən çox sənətkar məşğul olur.

Tədbirdə çıxış edən “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev Azərbaycanın tarix boyunca sənətkarlar diyarı kimi tanındığını, dünyaya bir çox sənət nümunələrini bəxş etdiyini bildirib. Bu sənət növlərinin öz rəngarəngliyi ilə xalqımızın bütün ruhunu, əhval-ruhiyyəsini, mənəviyyatını, məişətini, mədəniyyətini özündə əks etdirdiyini vurğulayan “ABAD”ın rəhbəri deyib: “Xalqımızın dəyərli sənət növləri neçə min il bundan əvvəl yaranaraq formalaşmağa başlayıb. Ustadlar Azərbaycanın füsunkar təbiətindən, tarixindən, mədəniyyətindən ilham alaraq gözəl əl işləri, sənət nümunələri yaradıblar. Misgərlik, dulusçuluq, ağacoyma, dəmirçilik, xalçaçılıq, ipəkçilik, papaqçılıq və şəbəkəçilik kimi qədim sənət növlərimiz xalqımızın ruhunun daşıyıcısı kimi, bu gün də yaşayır”.

Rüfət Elçiyev bildirib ki, ölkəmizin müxtəlif tarixi dövrlərdə yaşadığı çətinliklər əhalinin tətbiqi sənət növlərinə marağının azalmasına səbəb olmuşdu. Azərbaycan xalqının bu zəngin sərvətini konveyer tipli məhsullar əvəz etməyə başlamışdı. Bu isə, öz növbəsində, bir çox unikal xalq sənət nümunələrinin hazırlanma texnikasını unudulmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Ulu Öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü mədəniyyət siyasəti sayəsində həmin sahədə problemlər tədricən aradan qaldırılıb.

“ABAD” publik hüquqi şəxsin prioritet istiqamətlərindən birinin məhz dekorativ-tətbiqi xalq sənətkarlığında fəaliyyət göstərən ailələrə dəstək verməkdən ibarət olduğunu vurğulayan Rüfət Elçiyev deyib: “Tarixə çevirilməkdə olan sənət nümunələrinə və texnikalarına sahib olan “ABAD”çılara tərəfimizdən dəstək verilir, xalq sənəti növlərinin inkişafı, təbliği və qorunması istiqamətində lazımi tədbirlər görülür. Azərbaycanın hər bir bölgəsinə aid olan sənət nümunələrini təsvir edən suvenirlərin satışının təşkili üçün hazırda “ABAD”ın 10 etno-butiki fəaliyyət göstərir. Burada nümayiş olunan müxtəlif əl işləri, suvenirlər, alətlər Azərbaycanın qədim tarixindən və mədəniyyətindən soraq verir. Hazırda bu satış məntəqələri sayəsində xalqımızın sahib olduğu böyük sənət çeşidləri bütün dünyaya yayılır”.

“ABAD”ın rəhbəri vurğulayıb ki, Azərbaycan xalqı yaradıcı xalq olduğu üçün qədim dövrlərdən bəri təbiətin ona bəxş etdiyi imkanlardan, xüsusilə də torpaq və gildən evlərin tikintisində, məişət və mədəniyyət əşyalarının hazırlanmasında geniş istifadə edib. Arxeoloji qazıntılar zamanı bütün ölkə ərazisində, əsasən də bu regionda daha çox keramik məhsullar və qədim sobalar tapılıb. Bu səbəbdən, ilk Keramika Mərkəzinin məhz Şəkidə açılması və “Təbiətdən tarixə” adlı ölkə üzrə ilk Beynəlxalq Keramika Simpoziumunun burada təşkili heç də təsadüfi deyil.

Tədbirdə çıxış edən Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin əlaqələndiricisi Mir Teymur Məmmədov keramikanın hər bir xalqın tarixində xüsusi rol oynadığını vurğulayaraq deyib: “Keramika tarix, kimya, fizika və Yerin maqnit sahəsi kimi elmlərin ən qədim və düzgün daşıyıcısıdır. Keramika müasir elm aləmində, istehsalatda, tibbdə və insan həyatının digər sahələrində özünə möhkəm mövqe tutub”.

Beynəlxalq simpoziumun Ukraynadan olan iştirakçısı Zinaida Blyzniuk çıxış edərək, dəvətə və yaradılan şəraitə görə iştirakçılar adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Sonra “Təbiətdən tarixə” adlı I Beynəlxalq Keramika Simpoziumunun iştirakçıları sənətsevərlərə təqdim olunub. İki həftə davam edəcək beynəlxalq simpoziumda Azərbaycan, Türkiyə, Rusiya, Tunis, Banqladeş, Polşa, Ukrayna, İraq, İordaniya, Latviya, Braziliya, Norveç, Çexiya, Qırğızıstan və Monqolustandan olan 26 keramikaçı iştirak edir.

Simpozium iştirakçıları “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində yaradılan şəraitlə də tanış olublar.

Açılış mərasimi bədii proqramla başa çatıb.