Siyasət

Hikmət Hacıyev: “Avropa İttifaqının Cənubi Qafqaz regionunda ticarət dövriyyəsində əsas pay sahibi Azərbaycandır” - AÇIQLAMA

15-05-2019 | 17:09        

  

“Azərbaycan Respublikasının xarici siyasətində Avropa İttifaqı ilə münasibətlər prioritet istiqamətlərdən biridir. Bu münasibətlər bu gün hərtərəfli şəkildə inkişaf edir”.

Bu fikirləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Brüsselə son səfərini “Aztv.az” saytına şərh edərkən deyib.

H.Hacıyev qeyd edib ki, dövlətimizin başçısının Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə Avropa İttifaqı-Azərbaycan ikitərəfli əlaqələrin inkişafı nöqteyi-nəzərindən vacib olan məsələlər müzakirə olundu. Eyni zamanda,Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə şam yeməyində də çıxış edərək, Avropa İttifaqı ilə bağlı məsələlərdə Azərbaycanın mövqeyini diqqətə çatdırdı.

“Avropa İttifaqının Cənubi Qafqaz regionunda ticarət dövriyyəsində əsas pay sahibi Azərbaycandır. Bu da obyektiv reallıqdan irəli gəlir. Cənubi Qafqaz iqtisadiyyatının 70 faizindən çoxu məhz Azərbaycan Respublikasında formalaşır. Bu gün Azərbaycan Respublikasının özünün ticarət dövriyyəsində də 50 faizdən artıq pay sahibi Avropa İttifaqı ölkələridir. Ölkəmizdə investor qismində çıxış edən ölkələr də Avropa İttifaqı üzvü ölkələridir. Bu da ölkəmizdə yaradılmış biznes mühitinin cəlbediciliyinin göstəricisidir ki, Avropa İttifaqı üzvü olan ölkələrdən investorlar ölkəmizə üz tuturlar”,– deyə şöbə müdiri qeyd edib.