Siyasət

28 May - Respublika Günü və Ulu Öndərin anadan olmasının 96-cı ildönümü Batumidə qeyd edilib

15-05-2019 | 14:56        

  

Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu 28 May - Respublika Günü və Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə təntənəli mərasim keçirib.

Baş Konsulluqdan bildiriblər ki, tədbirdə Acarıstan Muxtar Respublikası Hökumətinin rəhbəri Tornike Ricvadze, Ali Sovetinin sədri Davit Qabaidze, Mədəniyyət və idman naziri İnqa Şamilişvili, Səhiyyə və əhalinin sosial müdafiəsi naziri Zaal Mikeladze, Maliyyə və iqtisadiyyat naziri Djaba Putkaradze, Kənd təsərrüfatı naziri Tite Aroşidze, İranın baş konsulu Ahmad Badpa, SOCAR-Batumi heyətinin rəhbəri, Kulevi QDT-nin rəhbərliyi, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin əməkdaşları iştirak ediblər.

Mərasimdə iki ölkənin dövlət himnləri səsləndirilib.

Baş konsul Pərviz İsmayılzadə çıxış edərək müasir Azərbaycan Respublikasının 1918-ci ilin may ayından 1920-ci ilin aprel ayınadək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu, məhz həmin dövrdə Azərbaycan xalqının müstəqilliyinin, azadlığının, suverenliyinin bərpa edildiyini bildirib. Qeyd edib ki, 1918-ci il mayın 28-də Tbilisidə Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılması ilə bağlı Müstəqillik Bəyannaməsi qəbul edilib. Azərbaycan Xalq Cümhuriyyətinin özünün parlamenti, hökuməti, ordusu, milli pul vahidi və digər dövlətçilik atributları mövcud idi.

Baş konsul qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın əksər ölkələrini qabaqlayaraq ilk dəfə müsəlman Şərqində qadınlara seçki hüququ verib. Cümhuriyyət həm də milli dövlətçilik ənənələrinin bərpasında müstəsna rol oynayıb. Mövcud olduğu 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti çox böyük işlər görüb. 1920-ci ilin aprel ayındakı işğala qədər Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi dünyanın 26 dövləti tərəfindən tanınmış və onlardan 19-u ilə diplomatik münasibətlər qurulmuşdu.

Diplomat Ermənistanın Azərbaycana hərbi təcavüzü, ölkəmizin ərazisinin 20 faizinin işğal edilməsi haqqında da danışıb. Bildirib ki, Ermənistan ilə müharibə vəziyyətində olmasına baxmayaraq, Azərbaycan iqtisadi, siyasi və diplomatik sahələrdə kifayət qədər əhəmiyyətli uğurlara nail olub. O, bu uğurların Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlı olduğunu vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasəti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir və ölkəmiz iqtisadi cəhətdən gündən-günə qüdrətlənir, inkişaf edir. Bu gün Prezident İlham Əliyevə onun ən yaxın silahdaşı olan Birinci vitse-prezident Mehriban Əliyeva yaxından kömək göstərir. Bu gün Azərbaycanda həyata keçirilən uğurlu islahatlar ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi davamıdır. Uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində Azərbaycan Respublikası dayanıqlı inkişafa nail olub.

Baş konsul iki tərəfdaş ölkə olan Azərbaycan ilə Gürcüstanın əsrlərboyu dostluq və qardaşlıq münasibətlərində yaşadığını, bir-birinə yaxından kömək göstərdiyini, sevincli və kədərli anlarında həmişə bir-birinə dəstək olduğunu vurğulayıb.

Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Tornike Ricvadze çıxışında Respublika Günü və Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib. O, müstəqillik gününün bütün ölkələr üçün vacib bayram olduğunu və böyük məmnuniyyətlə bu bayramı Azərbaycan xalqı ilə bölüşdüyünü qeyd edib. Müstəqillik illəri göstərdi ki, Gürcüstan və Azərbaycanın qarşılıqlı dəstəyə ehtiyacları var, çünki mövcud olan mürəkkəb siyasi və iqtisadi şəraitdə ancaq qarşılıqlı yardım və əməkdaşlıq vasitəsilə çətinliklərin aradan qaldırılması və qarşıda duran problemlərin həlli mümkün olacaq. Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji əməkdaşlıq çoxəsrlik tarixi dostluq və qonşuluq əlaqələri əsasında qurulub. Hazırda münasibətlərimiz inkişaf edir və bu inkişaf bölgədə beynəlxalq təhlükəsizlik, nəqliyyat və enerji məsələləri, eləcə də humanitar məsələlərlə bağlı planlaşdırılan müxtəlif layihələrdə öz əksini tapır.

Sədr qeyd edib ki, Acarıstan turizm, biznes və humanitar əlaqələr sahəsində Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsində fəal rol oynayır.

O, bölgəyə Azərbaycan şirkətlərinin marağının artdığını, regional səviyyədə də əməkdaşlığın inkişaf etdiyini, Acarıstan və Naxçıvan arasında müxtəlif sahələrdə əməkdaşlıq yarandığını deyib, bu münasibətlərin daha da inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb.

Çıxışının sonunda T.Ricvadze bir daha Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib, sülh, firavanlıq və rifah arzulayıb.

Tədbir zamanı Heydər Əliyev haqqında fotoslaydlar nümayiş etdirilib.

Mərasim ziyafət və “Ceyran” rəqs qrupunun musiqi proqramı ilə davam edib.

Batumidə keçirilmiş tədbir və baş konsulun müsahibəsi “Ajara TV” və “TV 4” telekanallarında nümayiş olunub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR