Analitika

Anti-Azərbaycan qüvvələrin siyasi uğursuzluğu

14-05-2019 | 08:27        

  

Bakı növbəti mühüm beynəlxalq idman yarışına evsahibliyi etməyə hazırlaşır.  Belə ki, mayın 29-da ölkəmizin paytaxtında UEFA Avropa Liqasının final qarşılaşması baş tutacaq. Qarşılaşmanın ən yüksək səviyyədə təşkil olunması üçün bütün zəruri tədbirlər həyata keçirilir. Bununla belə, bu ərəfədə bir sıra anti-Azərbaycan qüvvələrinin fəallaşması hiss olunur.

Ölkəmizin əksər oxşar beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində üzləşdiyi qarayaxma kampaniyalarına yenidən start verilib. Səsləndirilən fikirlər arasında Bakının uzaq məsafədə yerləşməsi, viza rejiminin mürəkkəbliyi, hotellərin baha olması və s. kimi əsaslandırıla bilinməyən ittihamlar var.

Siyasi-demokratik islahatlar

Təşkil olunan kampaniyalarda guya Azərbaycanda insan hüquqlarının, demokratik dəyərlərin pozulduğu iddia edilir. Ölkəmizdə mövcud olan demokratik mühit, söz azadlığı, insan hüquqlarının qorunması sahəsində vəziyyət nümunəvidir. Xüsusilə son illərdə həyata keçirilən hüquqi-siyasi islahatlar, Prezident İlham Əliyevin bu istiqamətdə vəziyyətin daha da yaxşılaşdırılmasına hesablanmış fərman və sərəncamları beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Son aylarda dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə icrasına başlanmış sosial islahatlar paketi həm də demokratik dəyərləri möhkəmləndirir, vətəndaşın rifahını yaxşılaşdırır.

İnfrastruktur

Bu, Bakıda keçirilən ilk mötəbər idman tədbiri deyil. Odur ki, şəhərin infrastrukturu, eləcə də idman arenası artıq hazırdır.
Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 69870 tamaşaçı tutumlu UEFA və FİFA-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilib və tikilib.

Stadion 2015-ci ildə baş tutan Avropa Oyunlarının əsas idman arenası olub, eyni zamanda tədbirin açılış və bağlanış mərasimlərinə və atletika idman növünə ev sahibliyi edib. Əlavə olaraq, stadionda UEFA-2020 Avropa Çempionatının 3 qrup mərhələsi və 1/4 final mərhələsi keçiriləcək.

Şəhər bütün infrastrukturu ilə yarışa hazırdır - nəqliyyat, otel, restoran, əyləncə kompleksləri çoxminlik azarkeş ordusunu nəinki təmin edəcək, onları heyran qoyacaq səviyyədədir. Eyni zamanda, Bakının tarixi görkəmi və müasirliyi futbol azarkeşlərini həm də potensial azarkeşə çevirəcək.

Viza rejimi

Azərbaycan nəinki bu oyunla bağlı, bütün dövrlərdə, bütün hallarda turistlərin ölkəmizə gəlməsində maraqlıdır. Dövlət başçısı viza rejiminin sadələşdirilməsi məsələsini diqqətdə saxlayır, qanunvericiliyin və praktik fəaliyyətin buna uyğunlaşdırılması üçün müvafiq qərarlar qəbul edir. Ölkəmizin ev sahibliyi etdiyi mötəbər idman yarışları ərəfəsində Azərbaycan Prezidenti viza rejiminin sadələşdirilməsi ilə bağlı sərəncamlar imzalayıb. Sonuncu belə sənəd martın 11-də imzalanıb. Dövlət başçısı UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakıda keçirilməsi ilə bağlı ölkəyə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsinə dair Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxs mayın 15-dən iyunun 1-dək Azərbaycanın beynəlxalq hava limanlarında asanlıqla viza ala bilər. Bu təcrübə Azərbaycanın ev sahibliyi etdiyi əvvəlki idman yarışlarında uğurla tətbiq olunub.

Təhlükəsizlik məsələsi

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Asayişin yüksək səviyyədə təmin olunması, kriminogen vəziyyətin nəzarətdə saxlanması ölkəmizi sabit, təhlükəsiz ölkə olaraq turistlər üçün də cəlbedici edir. Bu cür təhlükəsizlik mühiti, əlbəttə ki, beynəlxalq tədbirlərin təşkili üçün də Azərbaycanı münasib ölkəyə çevirir.

“Arsenal” klubunun futbolçusu erməni əsilli Henrix Mxitaryanın “Mənə təhlükəsizlik məktubu gəlməyib” fikirləri absurddur, çünki məktub hər bir futbolçuya fərdi olaraq göndərilmir. Finalçı klubların hər ikisinə isə artıq təhlükəsizlik məktubları ünvanlanıb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin bu barədə rəsmi açıqlamasında da qeyd olunub ki, əvvəlki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi, bu dəfə də dövlətimiz iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib.

Erməni idmançıların Azərbaycandakı yarışlarda iştirakı ilk dəfə deyil. Bu vaxta qədər keçirilən müxtəlif  idman yarışlarında, ayrı-ayrı tədbirlərdə erməni tərəfin təmsilçiləri heç bir vaxt təhlükəsizliklə bağlı problemlə üzləşməyiblər.

Təcrübə

Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində artıq böyük təcrübəsi formalaşıb. Eyni sözləri beynəlxalq miqyaslı yarışların keçirilməsi ilə bağlı da demək olar.

Avropanın 50 ölkəsindən 6 mindən çox atletin mübarizə apardığı birinci Avropa Oyunları, 4 minə yaxın atletin iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları, 1600 şahmatçının qatıldığı 42-ci Ümumdünya Şahmat Olimpiadası, qadınlar arasında voleybol üzrə Avropa çempionatı, 800-dək idmançının qatıldığı cüdo, 1500 nəfərin mübarizə apardığı BMX velosipedi üzrə dünya çempionatları, gimnastikanın müxtəlif növləri üzrə ən mötəbər beynəlxalq turnirlərin yüksək səviyyədə təşkili artıq böyük təcrübə deməkdir.

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR