Siyasət

Ümummilli lider Heydər Əliyevin xatirəsi Bolqarıstanın Teteven şəhərində də anılıb

10-05-2019 | 12:30        

  

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü, Teteven Bələdiyyəsi və Bolqarıstanın Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqının Teteven bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasının 100 illik yubileyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.

Teteven şəhərində keçirilən tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova “Azərbaycan diplomatiyası və müasir xarici siyasətimizin memarı Heydər Əliyev” mövzusunda məruzə ilə çıxış edib. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Son iclas” bədii-sənədli filminin və “İrs” jurnallarının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib.

Tədbirdə Teteven şəhər rəhbərliyi, şəhər kitabxanasının direktoru, Bolqarıstanın Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqının Teteven bölməsinin üzvləri, şəhər sakinləri və yerli KİV nümayəndələri iştirak ediblər.

N.Qurbanova çıxışında ötən il müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünün ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda təntənəli şəkildə keçirildiyini söyləyib. O, cəmi 23 ay yaşayan Cümhuriyyətin qısa müddətdə həyata keçirdiyi böyük işlərdən söz açıb. Diplomat cari ildə 100 illik yubileyini qeyd etdiyimiz diplomatik xidmət orqanlarının tarixinin məhz o dövrdən başladığını əlavə edib.

Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Şərqdə demokratiyanın əsasının məhz Azərbaycan xalqı tərəfindən qoyulduğunu qürur hissi ilə bildirib və hazırda bu demokratik ənənələrin davam etdiyini diqqətə çatdırıb.

N.Qurbanova sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən ölkəmizin mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğinə böyük töhfələr verdiyini qeyd edərək bir neçə gün öncə Bakının Azərbaycan Hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmilərinin qatıldığı V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdiyi barədə məlumat verib. Qeyd edib ki, Cümhuriyyətin süqutundan 71 il sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşaraq dünya ictimaiyyətinə müstəqil dövlət kimi qoşulub. Müstəqilliyimizin ilk illərində ölkəmizin ağır vəziyyətlə üzləşdiyini söyləyən N.Qurbanova Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, erməni millətçiləri tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti barədə danışıb, qarşısına çıxan maneələrə baxmayaraq, ötən dövr ərzində ölkəmizin çox uğurlu bir inkişaf yolu qət edərək qlobal və regional proseslərə böyük töhfələr verən ölkəyə çevrildiyini əlavə edib. Səfir görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz rolundan ətraflı bəhs edib. O, cari il 10 may tarixinin bu dahi şəxsiyyətin anadan olmasının 96-cı ildönümü olduğunu və onun əziz xatirəsinin xalqımız tərəfindən dərin hörmət və ehtiramla yad edildiyini vurğulayıb. N.Qurbanova əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu uğurlu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırıb.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dost Bolqarıstan ilə əlaqələrinin inkişaf etdirilməsinə daim önəm verdiyini qeyd edən səfir 2015-ci il martın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sofiyaya rəsmi səfəri zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması, Azərbaycan ilə Bolqarıstan arasında müxtəlif sahələrdə əməkdaşlığın sürətlə inkişaf etməsi və bu əlaqələrin daha möhkəmləndirilməsi üçün böyük potensialın mövcud olmasına nəzər yetirib.

Daha sonra diplomat “Son iclas” bədii-sənədli filmi barədə məlumat verib. O bildirib ki, film Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilib. Filmin baş prodüseri Bakı Media Mərkəzinin direktoru Arzu Əliyevadır. Film Cümhuriyyətin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə qarşı son anadək apardıqları qeyri-bərabər, dönməz və qətiyyətli mübarizədən bəhs olunur. Filmin çəkilişləri paytaxtla yanaşı, tarixi hadisələrin yaşandığı digər bölgələrdə lentə alınıb.

Səfər çərçivəsində N.Qurbanova, həmçinin Teteven şəhərinin rəhbərliyi – mer M.Boyadciyeva və onun müavinləri B.Vrabevski, T.Stoev, S.Rusinov ilə görüş keçirib, Teteven Şəhər Kitabxanasına ölkəmizin mədəniyyəti və tarixinə dair kitablar hədiyyə edib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.06.2019) :
Aydın Gecə : +21+23 | Gündüz: +29+31
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR