Siyasət

Heydər Əliyev Fondunun yaradılmasından 15 il ötür

10-05-2019 | 09:32        

  

Fəaliyyətə başladığı vaxtdan ictimaiyyət içində böyük nüfuz qazanan, öz fəaliyyəti ilə hər zaman örnək olan, həyata keçirdiyi layihələrlə xalqın sevimlisinə çevrilən Heydər Əliyev Fondu bu gün də xeyirxahlıq missiyasını uğurla davam etdirir. Və bu missiyanın təməl prinsipi xalqın sonsuz sevgisindən qaynaqlanır.

15 il əvvəl Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsini, ideya və amallarını yaşatmaq, siyasi irsini təbliğ etmək, milli dövlətçilik ideyalarını yeni nəsillərə çatdırmaq üçün onun adını daşıyan Fond yaradıldı. Bu, xalqın öz dahi oğluna böyük tarixi xidmətləri qarşısında qədirbilənlik və minnətdarlığının təcəssümü idi. Fondun rəhbəri isə yalnız o nəhəng şəxsiyyəti yaxından tanıyan, onun əqidəsini duyaraq gerçəyə çevirən və həm də qəlbində xalq, insan sevgisi, mərhəmət duyğusu olan, heç bir acıya biganə qalmayacaq qədər böyük ürəyə malik bir insan olmalıydı. Məhz Heydər Əliyev ocağının nümayəndəsi öz zərif çiyinlərini belə böyük bir məsuliyyətin altına verdi. Bu, Mehriban Əliyeva idi. Və ötüb-keçən zaman da sübut etdi ki, bu, ən doğru seçim idi. Fəaliyyətini humanizm prinsipləri əsasında quran Fond o vaxtdan ictimai-siyasi həyatın bütün sahələrinə dərindən nüfuz etdi, çoxşaxəli layihələri ilə dövlət və vətəndaş həmrəylinin bariz nümunəsinə, əsl mərhəmət ünvanına çevrildi, xeyriyyəçilik hərəkatına canlılıq gətirdi. Məqsədlər o qədər aydın və ali idi ki, Fond qısa vaxtda hər bir kəsin ümid və inam yerinə döndü.

Fondun prezidenti Mehriban Əliyeva diqqəti təhsilə, məktəbə, səhiyyəyə, uşaqların sağlamlığına, mədəniyyət proqramlarına yönəltdi. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində yüzlərlə məktəb tikildi. “Təhsilə dəstək” layihəsi məktəblərin əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında mühüm rol oynadı. “Uşaq evləri və internat məktəblərinə dəstək”, "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması" proqramları çərçivəsində mövcud uşaq evi və internat məktəbləri təmir və bərpa olundu. Fondun səhiyyə ilə bağlı uğurlu layihələrinin kökündə də mənsub olduğu xalqa, millətə, onun sabahına sevgi və qayğı dayanır. "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", “Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi” layihələri, çoxsaylı cərrahiyyə əməliyyatları, peyvəndləşdirmə aksiyaları xalqımızın genefondunun qorunması kimi mühüm və son dərəcə ali niyyətə söykənir. Bu layihələr sönmüş ümidlərə işıq verir.

Fondun hər il internat və uşaq evlərində tərbiyə alan, eləcə də qaçqın və məcbüri köçkün, cəbhə bölgəsindən, qoşunların təmas xəttinə yaxın rayonlardan olan uşaqlar üçün təşkil etdiyi bayram tədbirləri, Mehriban Əliyevanın həmin tədbirlərə övladları, nəvələri ilə qatılması onun mahiyyətinə bir doğmalıq qatır. Heydər Əliyev Fondunun istedadlı uşaqlarla bağlı digər layihələri də onların həyatını dəyişir. Fond ictimai narahatlığa səbəb olan ciddi bir problemin həlinə nail olub, valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən qızlar və gənclər üçün yaşayış binalarının tikintisini həyata keçirib. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva Azərbaycan Ordusuna qayğısı ilə diqqət çəkir. Ən ağır anlarda şəhid ailələrinə baş çəkərək onlara mənəvi dəstək olur, ordumuzun zabit və əsgərləri ilə görüşür, sağlamlıqlarının bərpası üçün mühüm tədbirlər görür.

Azərbaycan mədəniyyətinin dünyada geniş təbliği də Heydər Əliyev Fondunun ali məqsədləri sırasındadır. Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin, musiqisinin, mədəni irsimizin qorunması, dünyada tanıdılması istiqamətindəki xidmətlərinin nəticəsidir ki, artıq muğam dünya musiqisinə çevirilib və YUNESCO-nun bəşəriyyətin qeyri-maddi irsi siyahısına daxil edilib. Bu sıranı sonrakı illərdə aşıq sənəti, xalçaçılıq, tar ifaçılığı sənəti, Novruz bayramı, Azərbaycan dolması, Lavaş, kəlağayı, Lahıc misgərlik sənəti, Çövkən Ənənəvi Qarabağ Atüstü Oyunu və başqaları davam etdirib. Heydər Əliyev Fondu ölkəmizdə qədim tarixi abidə və ziyarətgahların, məscid və ibadətgahların, dini abidələrin, eləcə də kilsə və sineqoqların bərpasını uğurla həyata keçirib, tolerantlığın və mədəniyyətlərarası dialoqun təbliğinə töhfə verib. Fondun humanitar layihələri, xeyriyyəçilik tədbirləri bir sıra ölkələri də əhatə edir, müxtəlif qitələrdə əks-səda doğurur. Heydər Əliyev Fondu sanki Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib. Məhz bu amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasına ciddi dəstək verib. İndiyə qədər bu məqsədlə xaricdə müxtəlif tədbirlər, sərgilər təşkil olunub. “Xocalıya ədalət” kampaniyası artıq dünyaya səs salıb və bu kampaniya nəticəsində Xocalı soyqırımını dünyanın 10-dan çox ölkəsi tanıyıb. Ulu öndərin saf ideallarını yaşadan, insanların ümid yerinə çevrilən Fondun 15 ildə millətin taleyi üçün misilsiz əhəmiyyət kəsb edən bütün fəaliyyət sahələrində həyata keçirdiyi layihələr, gələcəyə hesablanan proqramlar, beynəlxalq xeyriyyəçilik missiyası, bütövlükdə insanlara və insanlığa təmənnasız xidmətin təcəssümüdür. Bu çoxşaxəli fəaliyyətə və bu fəaliyyətə xalqın tükənməz sevgisi isə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı ölkəmizdə dövlət səviyyəsində yüksək vəzifəyə - Azərbaycanın 1-ci vitse-prezidenti postuna təyin edilməsinə vəsilə oldu. Və... indi bu fəaliyyət Azərbaycanı sevən hər kəs üçün QÜRUR MƏNBƏYIDİR...