Cəmiyyət

MBNP-nin rəsmisi: “Vətəndaşların 72 faizinin kompensasiya ödənişləri artıq edilib”

08-05-2019 | 15:05        

  

“Problemli kreditlərin kompensasiyalarının ödənilməsi plana uyğun davam etdirilir. Ümumilikdə 602347 nəfərin təqribən 72 faizinin kompensasiya ödənişləri artıq edilib”.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov Azərbaycan Televiziyasının “Günün nəbzi” proqramında bildirib.

O.İsmayılov bildirib ki, vətəndaşların bütün müraciətləri araşdırılır və operativ şəkildə cavablandırılır: “Müraciətləri cavablandırılmamış vətəndaşlar da narahat olmasınlar. Bəzi sorğular araşdırma tələb edir. Hər bir müraciət individual şəkildə araşdırılır. Mütləq onların sorğuları da cavablandırılacaq”.

Palata rəsmisi daha çox hansı məsələlərlə bağlı müraciətlərin olduğuna da aydınlıq gətirib: “Tez-tez kompensasiyanın nə üçün hesablanmaması ilə bağlı suallar alırıq. Aydınlaşdırdıqda məlum olur ki, vətəndaşın krediti 10 min ABŞ dollarından çoxdur. Eyni zamanda, kompensasiyasını almış vətəndaşlar bəzən yenidən hesablanma aparılmasını istəyirlər. Ancaq bildirməliyəm ki, bütün bu proseslər tam elektron və avtomatlaşdırılmış şəkildə aparılır”.