Siyasət

Sosial-iqtisadi tərəqqi Azərbaycanı mühüm beynəlxalq və regional layihələrin təşəbbüskarına və yeni donor ölkəsinə çevirib

08-05-2019 | 11:14        

  

Azərbaycan beynəlxalq və regional layihələrinin təşəbbüskarına və humanitar fəaliyyət üzrə yeni donor ölkəsinə çevirilib. BMT-nin Cenevrə Bölməsində “Humanitar donorluğunun inkişafı və tərəfdaşlığın vacibliyi” mövzusunda keçirlən beynəlxalq konfransda Azərbaycanın bu istiqamətdəki fəaliyyətinə yönəlib.  Azərbaycanın BMT-nin Cenevrədəki Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov bildirib ki, Azərbaycan apardığı sosial-iqtisadi inkişaf nəticəsində qısa müddət ərzində yüksək insan inkişafı indeksi olan yuxarı orta gəlirli ölkəyə çevrilib. Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib ki, Azərbaycanın donorluq fəaliyyəti Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin düşən məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində hökumətin göstərdiyi səylərə paralel olaraq həyata keçirilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov son illər məcburi köçkünlər üçün yeni qəsəbələrin salındığı və işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin bərpa edildiyi barədə məlumat verib. BMT-nin Baş Katibi Antonio Quterreş konfransa ünvanladığı müraciətində ehtiyacı olan insanlara ikitərəfli, eləcə də BMT və digər çoxtərəfli formatlar çərçivəsində göstərdiyi humanitar yardımlara görə Azərbaycana minətdarlıq edib.