Bölgələr

Ağsu, İsmayıllı və Şamaxı rayonlarındakı zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı hesabat brifinqi keçirilib

08-05-2019 | 08:51        

  

Bu il fevralın 5-də İsmayıllı, Şamaxı və Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində hər 3 rayonda ümumilikdə 748 yaşayış evi qəzalı vəziyyətə düşüb, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib. Prezident İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən, hazırda sözügedən rayonlarda baş vermiş zəlzələnin fəsadları aradan qaldırılmaqdadır. Bu fikirlər İsmayılı rayonunda keçirilən Ağsu, Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərə dair 3 aylıq hesabat brifinqində bildirilib.

İsmayıllı rayonunda təşkil olunan brifinqdə hər üç rayonun icra hakimiyyətlərinin başçıları təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verdilər. Bildirildi ki, baş vermiş hadisənin səhəri günü dövlət başçısı İlham Əliyev zəlzələ zonasına gələrək sakinlərlə görüşüb, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirib. Prezident İlham Əliyev əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini verib. Təbii fəlakətdən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası yerlərdə vətəndaşlar tərəfindən evlərinin qəzalı vəziyyətə düşməsi ilə bağlı edilən müraciətlərin araşdırılmasına başlayıb. Qeyd olunub ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri Ağsu, İsmayıllı və Şamaxı rayonlarında zəlzələdən zərərçəkmiş evlərin sakinləri ilə görüşərək, onların problemlərinin həlli istiqamətində dövlət qurumları ilə birlikdə sıx işləyib, insanlara mənəvi dəstək göstəriblər. Hazırda Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadları dövlət başçısının müvafiq sərəncam və tapşırıqlarına əsasən aradan qaldırılmaqdadır. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov diqqətə çatdırıdı ki, zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı yaradılan komissiyaya 66 yaşayış məntəqəsindən 1272 müraciət daxil olub və həmin evlərə baxış keçirilib. Onlardan 344 ev qənaətbəxş hesab olunub, 455 evdə təmirə, 344 evdə bərpaya ehtiyac duyulduğu barədə qərar verilib. 114 evin isə qəzalı olduğu müəyyənləşib.

Bundan başqa, yerlərdə sosial obyektlərə də baxış keçirilib, 1 məktəb binasının, 1 uşaq bağçasının və 2 inzibati binanın da qəzalı olması müəyyənləşib. Hazırda “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qəzalı vəziyyətdə olan Keyvəndi və Diyallı kənd tibb məntəqələrinin tikintisinə başlanılıb. Eyni zamanda, 320 şagird yerlik Gəraybəyli tam orta məktəbinin, 40 şagird yerlik Kələzeyvə ibtidai məktəbinin, 40 yerlik Quşencə uşaq bağçasının tikintisi nəzərdə tutulub. Təbii fəlakətlə bağlı rayon üzrə vətəndaşlardan, ümumilikdə, 2460 evlə bağlı müraciətin ünvanlandığını deyən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev isə dedi ki, müraciətlərin araşdırılması nəticəsində 350 ev qəzalı sayılıb, 435 evin bərpaya, 1601 evin təmirə ehtiyacı olduğu müəyyənləşib. 74 evin vəziyyəti qənaətbəxş olub. Hazırda rayonda 162 evdə tikinti işləri aparılır.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov da üç ayda görülən işlər barədə məlumat verərək bildirdi ki, təbii fəlakətdən keçən dövrdə vətəndaşların müraciəti əsasında 5584 evə baxış keçirilib. Bu evlərdən 284-ü qəzalı hesab edilib və artıq onlardan 3-nün inşası başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən 1274 evin bərpaya, 2212 evin təmirə ehtiyacı olduğu bildirilib, 1814 evin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Hazırda 112 evdə tikinti işləri aparılır. Zəlzələnin fəsadlarının aradan qaldırılması ilə yanaşı, Şamaxıda təhsil, səhiyyə və mədəniyyət sahəsində infrastrukturun yenilənməsi istiqamətində də mühüm işlər görülür. Həmçinin “Regional İnkişaf” İctimai Birliyi tərəfindən rayonda bir sıra sosial obyektin tikintisi nəzərdə tutulub.

Brifinqdə o da qeyd olundu ki, hazırda tikintisi aparılan evlər bütün texniki parametrlərə cavab verir. Qəzalı kimi qeydə alınan bütün evlərin inşası, bərpası həyata keçiriləcək. Bu işlərin ilin sonunadək tam başa çatması nəzərdə tutulur. Bəzi hallarda məhz zəlzələ zamanı qəzalı hala düşən evlərlə bağlı olmayan müraciətlər də komissiyalara daxil olur. Həmin müraciətlərin araşdırılması isə bilavasitə zəlzələdən zərərçəkənlərin müraciətlərinin baxılmasının ləngiməsinə səbəb olur. Brifinqdə, həmçinin bölgədə olan tarixi-mədəniyyət abidələrinin təbii fəlakətdən zərər görmədiyi diqqətə çatdırıldı. Həmçinin sığorta şirkətləri daşınmaz əmlakın sığortalanmasında maraqlı olması məsələsi də önə çəkildi. Ümumilikdə, Prezident İlham Əliyevin  bu işə qayğı ilə yanaşması, qurumların fəallığı onu göstərir ki, dövlət hər zaman vətəndaşların yanındadır. Zəlzələ nəticəsində dəymiş ziyanın tez bir zamanda aradan qaldırılması ilə bağlı verilən tapşırıqlar və ayrılan vəsait bunu bir daha təsdiq edir.

Daha sonra brifinqdə jurnalsitlərin sualları cavablandırılıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR