Cəmiyyət

Şuşanın tarixi abidələri, təbii sərvətləri erməni vandalları tərəfindən talan edilir

08-05-2019 | 08:20        

  

1992-ci ilin mayın 8-də dünyanın ən bənzərsiz şəhərlərindən biri – Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. 22 minə yaxın şuşalı öz doğma yurdundan didərgin düşdü, onların şəxsi mülkləri talan olundu, Azərbaycanın tarixi memarlıq abidələri məhv edildi.

Şuşa şəhəri... 1750-ci ildə qarabağlı Pənah xan Cavanşir üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylasında yeni qala tikdirir, Təbriz, Ərdəbildən məşhur ustalar gətirdərək, onu alınmaz qalaya çevirir. Əvvəllər “Pənahabad”, sonralar “Şişə”, Şuşa adlandırılan şəhər zaman-zaman yadellilər üçün əlçatmaz qala olur. Sovetlər dövründə şəhərin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qalır. 1921-ci ildə Şuşa yeni yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olur. Bu qərar 1923-cü ildə dəyişdirilir, Vilayətin mərkəzi Xankəndi seçilir: Azərbaycana qarşı hazırladıqları planları Şuşadan həyata keçirməyin asan olmayacağını anlayan ermənilər buna nail olurlar. 1923-cü ildə Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil edilir. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi statusdan – bütün Qarabağın mərkəzi statusundan məhrum edilir. Şuşa rayon kimi 1930-cu ildə yaradılır. Budur, Şuşanın çox qısa tarixi... Bu, Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin çox dəyərli və şərəfli bir səhifəsidir. Ulu öndər Heydər Əliyevin abidələr şəhəri adlandırdığı Şuşada 350 hektarlıq qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda bərpa olunmuş qala divarları, məscid və minarələri vardı. XVIII-XIX əsirlərə aid 23-ü respublika və dünya miqyaslı tarixi abidələr tarixi keçmişimizdən xəbər verir. Bu möcüzə şəhər yeraltı, yerüstü sərvətlər, üzlük daşı, gil yatağı ilə zəngin idi. Şuşanın cənubunda, Qarqar çayının sol sahilində əhəng daşları Triton əsrinə aid olan “Xan mağarası” vardı. Gözəl təbiəti, təmiz havası, müalicəvi əhəmiyyətə malik mineral su bulaqları, yaylaqları Şuşanı Azərbaycandan kənarda da kurort şəhəri kimi məşhurlaşdırmışdı. Əfsanəvi “Cıdır düzü”, dünyanın heç bir yerində bitməyən “Xarı bülbül” Şuşanın simvollarından idi. Özündə Azərbaycanın mədəni qüdrətini yaşadan şəhərdə teatr və muzeylər, rəsm qalеrеyası, 4 texnikum, 2 institut filialı, orta və orta ixtisas musiqi məktəbləri, кitabхanalar fəaliyyət göstərirdi. Azərbaycanda tar, kamança, ud, nağara istehsal edən yeganə Şərq Milli musiqi alətləri fabriki Şuşada idi. Şuşa, həm də Azərbaycan elminə, hərb sənətinə, mədəniyyətinə, incəsənətinə, musiqisinə görkəmli şəxsiyyətlər, ziyalılar, musiqiçilər bəxş edib.

Qarabağın göz bəbəyi Şuşa şəhəri də müvəqqəti işğal altındadır. Onun tarixi abidələri, təbii sərvətləri erməni vandalları tərəfindən tar-mar edilir.

Şuşaya və şuşalılara hər zaman xüsusi diqqət göstərən Ulu öndər Heydər Əliyev onların ağır vəziyyətdən xilası, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər gördü. Bu qayğını davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə Ramanada şuşalılar üçün qəsəbə salınıb. Müxtəlif bölgələrində, o cümlədən Bakıda məcburi köçkünlər üçün salınan müasir qəsəbələrdə, yaşayış məntəqələrində Şuşadan olan məcburi köçkünlər də hər cür şəraiti olan mənzillərlə təmin olunublar, Şuşa məktəbləri, mədəniyyət ocaqları, musiqi məktəbləri üçün yeni binalar tikilib. “Biz hamımız şuşalıyıq” deyən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən bütün musiqi layihələrində Şuşanın, Qarabağın musiqi irsinin təbliğ olunur.

Yaradılan yüksək səviyyəli şəraitə baxmayaraq, şuşalılar öz doğma şəhərlərinə qayıtmaq ümidi ilə yaşayır və həmin günü səbirsizliklə gözləyirlər.

2016-cı ilin aprel hadisələri zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsi, minlərlə hektar torpağımızın işğaldan azad olunması, strateji əhəmiyyətli “Lələ təpə” yüksəkliyinin də bölmələrimizin nəzarəti altına keçməsi, Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işləri, Şuşa məscidinin də burada tikilməsi şuşalıların tezliklə doğma yurda qayıdacaqlarına inamlarını artırır.

2018-ci ilin mayında Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağının, Günnüt kəndinin, strateji yüksəkliklərin alınması bir daha sübut etdi ki, Azərbaycan xalqı, Şuşanın, Qarabağın işğalı ilə heç vaxt barışmayacaq.